Məhkəmə qərarları › İş №e-2(037)-909/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-909/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-909/2024 16.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 16 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5017 manat dəymiş ziyan və 63.15 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5080.15 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə çıxan yerdə quraşdırılmış işıqforun qırmızı işığında dayanıb yaşıl işıq yanan kimi yola düzəlmək istədikdə qəflətən Cavabdeh işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyindən qarşı sağ tərəfdən İsmayıllı şəhəri ərazisindəki (keçmiş İsmayıllı kəndi) yoldan həmin yola çıxmaq istədiyi vaxtı idarə etdiyi VAZ-21063 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Nəticədə hər iki avtomobilə maddi ziyan dəymiş hər ikisi sağlamlığa zərər vurmayan xəsarətlər almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra VAZ-21063 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh hadisə yerində xəsarət aldığını deyib yaxınlıqda olan İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmişdir. Sonra o da İsmayıllı rayon Mərkəzi xəstəxanasına müraciət edərək hər ikisi tibbi yardım almışlar. Nəticədə təyin edimiş məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən ona və cavabdehə yol-nəqliyyat hadisəsi zamanı sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi dərəcəsi təyin edilmişdir. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Hadisə nəticəsində o xəsarət almaqla “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5017 manat maddi ziyan dəymişdir. Hadisə yerində avtomobilin fotoşəkilləri çəkilmişdir.Avtomobilə dəymiş maddi ziyan,Cavabdeh tərəfindən ödənilməmişdir. Bildirmək istəyir ki, ziyanın müəyyən edilməsi üçün İsmayıllı şəhərində yerləşən “X2 Serviz Mərkəzi” nə müraciət etmişdir. Etdiyi müraciətinə əsasən “X2 Serviz Mərkəzi”ndən 18 yanvar 2024-cü il tarixdə ona qüsur aktı təqdim olunmuşdur. Həmin qüsur aktında “Mercedes Benz” markalı **-KZ- *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 5017 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır.Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə ilə əlaqədar İsmayıllı rayon Polis şöbəsində araşdırmalar aparılmışdır. Aparılmış araşdırmalarda faktla bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərar qəbul olunmuşdur. Aparılmış araşdırmada “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. Cavabdeh “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Sözügedən şikayət İsmayıllı rayon prokurorluğu tərəfindən təmin edilməmişdir.Göründüyü kimi,Cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Hesab edir ki,qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o vurduğu zərərin əvəzini ödəməlidir.Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Həmin hadisə nəticəsində ona məxsus avtomobilə 5017 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmin ziyanın ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, o ziyanı ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Talış kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 10:00 radələrində idarə etdiyi “VAZ 21063” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayon Aşağıbaş kəndi istiqamətində üzü İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə doğru hərəkətdə olarkən həmin küçədə avtomobil yolunun kənarında “AL Market” adlanan mağazanın qarşısında quraşdırılmış işıqfora təxminən 30 metr qalmış işıqforun yaşıl işığının 3-4 saniyə qaldığını görüb avtomobili saxlamayaraq yolu keçmək istəmişdir. Lakin təxminən 50-60 metr getdikdən sonra işıqforun qırmızı işığına düşmüş və yolun sağından çıxan iddiaçıya məxsus “Mercedes Benz C-220” minik markalı avtomobilin yola çıxdığını görüb həmin avtomobillə toqquşmamaq və hadisədən yayınmaq üçün yolun əks istiqamətindən gələn avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə keçərək yol vermək istəmişdir. Lakin həmin avtomobilin sürücüsü hadisədən yayına bilməmiş və nəticədə toqquşma baş vermişdir. Toqquşma baş verən kimi o və iddiaçı hadisə yerində dayanmışlar və hər ikisi müxtəlif bədən xəsarətləri almışlar və müayinə olunmaq üçün İsmayıllı RMX-na getmişlər. Hadisə baş verən vaxtı iddiaçı ilə aralarında razılaşma olmuş, razılaşmaya əsasən hər bir tərəf öz avtomobilini düzəltməyi öhdələrinə götürmüşlər. İddiaçı məktəb direktoru və qadın olduğundan inzibati cərimə ona yazılmışdır və o cəriməni ödəmişdir. Buna baxmayaraq iddiaçı bir müddətdən sonra aralarında razılaşma olmasına baxmayaraq hazırkı tələblə məhkəməıyə müraciət etmişdir. O, İsmayıllı RPŞ TB-nin təhqiqatçısı polis kapitanı Şəhriyar Fərəcovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024cü il tarixli qərarından İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. İsmayıllı rayon prokurorluğu tərəfindən şikayəti təmin edilməmişdir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, hadisə onun təqsiri üzündən baş verməmiş və iddiaçıya məxsus avtomaşına maddi ziyan vurulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 21 may 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X1 tərəfindən İsmayıllı rayon Talış kənd sakini Cavabdeh İsmayıllı RMX-na müraciəti əsasında toplanmış HK-1/61 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı toplanmış HK-1/61 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsinə və qərarın sürətinin Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötürü şöbənin DYPB-nə verilməsinə qərar verilmişdir. İş materiallarına əlavə olunmuş “X2 Servis Mərkəzi” tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktı №028 görünür ki, “Mercedes Benz C-220” minik markalı ** KZ *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 5017 manat dəyərində (ehtiyat hissələri və təmir xərci ilə birlikdə) maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, İsmayıllı rayon Talış kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli İXP6339743 nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirili bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 29600 nömrəli ödəniş qəbzinin sürətindən görünür ki, İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin hesabına 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən,ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən,partlayıcı maddələrdən,güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil,sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür:iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Araşdırma zamanı müəyyən edilmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21063” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri,Ə.Ələkbərzadə küçəsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyindən qarşı sağ tərəfdən İsmayıllı şəhəri ərazisindəki (keçmiş İsmayıllı kəndi) yoldan həmin yola çıxan İddiaçı idarə etdiyi “Mercedes Benz C-220” minik markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomaşına maddi ziyan dəymişdir.İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Şəhriyar Fərəcov tərəfindən İsmayıllı rayon Talış kənd sakini Cavabdeh İsmayıllı RMX-na müraciəti əsasında toplanmış HK-1/61 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı toplanmış HK-1/61 saylı material üzrə cinayət işi başlanmasının rədd edilmiş və qərarın sürəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötürü şöbənin DYPB-nə verilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla İsmayıllı rayon Talış kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli İXP6339743 nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirili bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. “X2 Servis Mərkəzi” tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktına əsasən “Mercedes Benz C- 220” minik markalı ** KZ *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 5017 manat dəyərində (ehtiyat hissələri və təmir xərci ilə birlikdə) maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024cü il tarixli qərardan İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, sözügedən şikayət İsmayıllı rayon prokurorluğu tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehdən “Mercedes Benz” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyana görə 5017 manat məbləğinin alınaraq ona verilməsini tələb edir.Cavabdeh hadisənin onun təqsiri üzündən baş vermədiyini bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi,hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, hadisənin cavabdehin təqsiri üzündən baş verməsi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla təsdiq edildiyindən və məhkəmə baxışı zamanı təqdim edilmiş qüsur aktı ilə vurulmuş zərərin həcmi 5017 manat müəyyən edildiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 63.15 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən “Mercedes Benz” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyana görə 5017 manat məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5017 manat dəymiş ziyan və 63.15 manat dövlət rüsumu olmaqla, cəmi 5080.15 manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar