Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-914/2022 05.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 05 oktyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1320.60 ABŞ dolları əsas və 752.46 ABŞ dolları faiz olmaqla, ümumilikdə 2073.06 ABŞ dolları borcun və 56 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında xx.xx.2015-ci il tarixli 15-xx-xx-014426 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Şəkər Mehdiyevaya 48 ay müddətinə illik 28% olmaqla 2380 ABŞ dolları məbləğində kredit verilmişdir. Şəkər Mehdiyevanın xx.xx.2015-ci il tarixli 15-xx-xx- 014426 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu 1320.60 ABŞ dolları əsas, 752.46 ABŞ dolları faiz olmaqla, ümumilikdə 2073.06 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X1 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. İddiaçı cavabdehlərdən 1320.60 ABŞ dolları əsas və 752.46 ABŞ dolları faiz olmaqla, ümumilikdə 2073.06 ABŞ dolları borcun və 56 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasına gəlməmiş,məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 15-xxxx-014426 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2380 ABŞ dolları məbləğində kredit verilmişdir. X7 05 yanvar 2018-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi günədək hər ay kredit müqaviləsi üzrə borcunu ödəmişdir. Anası vəfat etdikdən sonra kredit müqaviləsi üzrə o və digər cavabdehlər tərəfindən banka heç bir ödəniş olunmamışdır. Mərhum X7nın kredit müqaviləsi üzrə ən son ödənişi 2017-ci ildə olmuşdur. O vaxtdan hazıradək kredit borcundan heç bir ödəniş aparılmamış və borcun qaytarılması ilə bağlı bank tərəfindən ona və digər cavabdehlərə məlumat verilməmişdir. Qanunvericilikdə bu kateqoriyadan olan işlər üçün nəzərdə tutulmuş iddia müddəti ötmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə iddia müddətinin ötürülməsi əsas götürülərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iş üzrə iddia müddətinin ötürülməsi əsas götürülərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Şəkər Mehdiyeva arasında bağlanmış 03 aprel 2015-ci il tarixli, 15-xx-xx-014426 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən Şəkər Mehdiyevaya 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2380 ABŞ dolları məbləğində kredit verilmişdir. 03 aprel 2015-ci il tarixli 15-xx-xx-014426 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan kreditin ödənmə cədvəlindən görünür ki, Şəkər Mehdiyeva 48 ay müddətində 2380 ABŞ dolları əsas borc və 1601.52 ABŞ dolları faiz borcu, cəmi 3981.52 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 08 yanvar 2018-ci il tarixli AZ-İ № 917078 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 05 yanvar 2018-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 01 ayının 02 günündə 08 nömrə ilə qeyd edilmişdir. 18 dekabr 2018-ci il tarixli, reyestrdə 2V-528 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 05 yanvar 2018-ci il tarixdə ölmüş X1 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. 18 fevral 2022-ci il tarixli, xx/xx-1180 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 15-xx-xx-014426 saylı kredit müqaviləsi üzrə Şəkər Mehdiyevanın İddiaçı ASC-yə 18 fevral 2022-ci il tarixə olan ümumi borcu 2073.06 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən Şəkər Mehdiyevaya məxsus hesabdan çıxarışdan görünür ki, Şəkər Mehdiyeva sonuncu kredit ödənişini 28 dekabr 2017-ci il tarixdə etmişdir. 10 may 2022-ci il tarixli M/11-3823 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borc məbləğinin üç gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Şəkər Mehdiyeva arasında 03 aprel 2015-ci il tarixli, 15-xx-xx-014426 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Şəkər Mehdiyevaya illik 28 faiz ödənilməsi şərtilə 48 ay müddətinə 2380 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 03 aprel 2019-cu il tarixdə bitmişdir.Şəkər Mehdiyeva tərəfindən son kredit ödənişi 28 dekabr 2017-ci il tarixdə olmuşdur. Şəkər Mehdiyeva 05 yanvar 2018-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi günədək hər ay kredit müqaviləsi üzrə borcunu ödəmişdir. Şəkər Mehdiyeva vəfat etdikdən sonra xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən banka heç bir ödəniş olunmamış, həmçinin bank tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə məlumat verilməmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair, ərizə verilmişdir. Məhkəmə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi X6 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli, 15-xx-xx-014426 saylı kredit müqaviləsinin müddəti 03 aprel 2019-cu il tarixdə bitmiş, Şəkər Mehdiyeva son kredit ödənişini 28 dekabr 2017-ci il tarixdə etmişdir. Şəkər Mehdiyeva 05 yanvar 2018-ci ildə vəfat etmiş, vəfat etdikdən sonra xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən banka heç bir ödəniş olunmamışdır. İddiaçı 2017-ci il tarixdən sonra mərhum Şəkər Mehdiyeva və mərhumun vərəsələri hazırkı iş üzrə cavabdehlər tərəfindən ödəniş edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.Belə ki, iddiaçı bank Ş.Mehdiyevaya və ya onun vərəsələrinə xx.xx.2022-ci il tarixədək hazırkı iddia tələbi irəli sürməli idi, lakin sözügedən tələb xx.xx.2022-ci ildə yəni, 3 il 2 ay 17 gün keçdikdən sonra irəli sürülmüşdür. Ötən müddət ərzində isə borcluların kredit borcunu ödəmələri barədə öhdəlik götürməsinə (iddia müddətinin kəsilməsi) dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə hazırki tələb üzrə cavabdehlərə aid hissədə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-914/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-914/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver