Məhkəmə qərarları › İş №e-2(037)-926/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-926/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-926/2025 18.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1065.30 manat vurulmuş ziyan və 60 manat mediasiya xərcinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 12 iyun 2025-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etmələri izah olunmuşdur. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 66-x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – Binəqədi 15 mağazasında çalışdığı zaman, xx.xx.2024-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2948,22 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, cavabdehin hal-hazırda iddiaçıya ümumilikdə 1065,30 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehdən 1065.30 manat vurulmuş ziyan və 60 manat mediasiya xərcinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 17 iyul 2021-ci il tarixli 385 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamenin Satış şöbəsində 17 iyul 2021-ci il tarixindən satıcı-kassir vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manatdır. İddiaçı üzrə 01 iyun 2022-ci il tarixli 251 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində 28 iyun 2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manatdır. 01 iyun 2022-ci il tarixli X3 haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh Aqil qızı arasında 01 iyun 2022-ci il tarixdə X3 haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 08 may 2024-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısının surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi-Biləcəri yolu ünvanında yerləşən OBA-Binəqədi 15 mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 2948.22 manat müəyyən edilmişdir. İddiaçı üzrə 19 iyul 2024-cü il tarixli 66-x saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə 19 iyul 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. 08 iyul 2024-cü il tarixli DN-4067 nömrəli xəbərdarlığın surətindən görünür ki, 1065.3 manat qalıq borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 23 yanvar 2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 30 aprel 2024-cü il tarixində 2948.22 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1065.3 manat borc qalmışdır. Beləliklə, Cavabdeh 23 yanvar 2025-ci il tarixinə, İddiaçı MMC-yə olan ümumi borcu 1065.3 manat təşkil edir. 30 aprel 2025-ci il tarixli, MŞB/11-2025-00442 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə 30 aprel 2025-ci il tarixində, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 (on) manat poçt göndərişi xərcini İddiaçı MMC nağdsız qaydada təşkilatın bank hesabına ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işə götürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı təşkilata 1065.3 manat məbləğinə ziyan vurduğu sübuta yetirildiyindən, tərəflər arasında bağlanmış X3 haqqında müqavilənin şərtlərinə əsasən həmin məbləğ cavabdehdən tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 60 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1065,30 manat vurulmuş ziyan və 60 manat ödənilmiş mediasiya xərci – cəmi 1125 (bir min bir yüz iyirmi beş) manat 30 (otuz) qəpik tutularaq İddiaçı bank hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar