Məhkəmə qərarları › İş №e-2(037)-936/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-936/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-936/2022 07.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı/cavabdeh "xxxx" ASC-nin cavabdeh/iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilkin, cavabdeh/iddiaçı Cavabdeh2 iddiaçı/cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı/cavabdeh "xxxx" ASC ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 150 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh/iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 65 manat maddi ziyan, 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 5065 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı/cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, 20 may 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-2106” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 04 fevral 2022-ci il tarixdə İsmayıllı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “VAZ-21041” markalı,** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə zamanı o, avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir.Zərərçəkmişin avtomobilinin zədələnməsi ilə bağlı 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “VAZ-21041” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə ödənilmiş 150 manat məbləğində pulu cavabdehlərdən tələb etmə hüququ yaranmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı/cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçı/cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh/iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Məhkəməsinin qərarı ilə törədilmiş avtomobil qəzasında sürücülük vəsiqəsi olmadığına görə günah onun üzərinə qoyulmuş,digər avtomobil barəsində isə heç bir məlumat verilmir. Belə ki, vuran avtomobil hansı şəraitdə, hansı sürətlə idarə olunması yol polisi tərəfindən araşdırılmamışdır. Görünür yol polisinin bu işdə marağı olmuşdur. Eyni zamanda atası Cavabdeh1 etibarnamə ilə adına olan avtomobilinə dəymiş ziyanın ödənilməsi sığorta edilmiş "xxxx" ASC-dən tələb edildiyinə görə ona və atasına qarşı qərəzli olmuşdur. İddiaçı əsassız olaraq onlardan 150 manat tələb edir. Qeyd edilən qərarda zərər 135 manat məbləğində təsdiq olunur. Bununla iddiaçı onları aldadaraq əlavə pul mənimsəyir. Hesab edir ki, iddiaçı onlara həm maddi, həm də mənəvi ziyan vurmuş, dəymiş maddi ziyandan əlavə 15 manat, ərizə tərtib olunması gediş gəliş xərcləri 50 manat olmaqla 65 manat maddi ziyan və 5000 manat dəyərində mənəvi ziyan hesablanmışdır. Ona görə də ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş edir. Cavabdeh1 ilkin iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh/iddiaçı Cavabdeh2 oğludur. İsmayıllı rayon Məhkəməsinin qərarı ilə törədilmiş avtomobil qəzasında sürücülük vəsiqəsi olmadığına görə günah oğlunun üzərinə qoyulmuş, digər avtomobil barəsində isə heç bir məlumat verilmir. Belə ki, vuran avtomobil hansı şəraitdə, hansı sürətlə idarə olunması yol polisi tərəfindən araşdırılmamışdır. Görünür yol polisinin bu işdə marağı olmuşdur. Eyni zamanda onun etibarnamə ilə adına olan avtomobilinə dəymiş ziyanın ödənilməsini sığorta edilmiş "xxxx" ASC-dən tələb etdiyinə görə "xxxx" ASC ona qarşı qərəzli olmuşdur. İddiaçı əsassız olaraq ondan və oğlu Cavabdeh2 müştərərk qaydada 150 manat tələb edir. Qeyd edilən qərarda zərər 135 manat məbləğində təsdiq olunur. Bununla iddiaçı onu və oğlunu aldadaraq əlavə pul mənimsəyir. Hesab edir ki, iddiaçı/cavabdeh "xxxx" ASC-nin ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(037)-90/2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, PGU-0537/22 saylı dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “VAZ-21041” markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 150 manatdır. xx.xx.2022-ci il tarixli, PGU-221103 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, “VAZ-21041” markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 manat müəyyən edilmiş, sığorta ödənişi avtomobilin sahibi X1 ödənilmişdir. ƏN-Vİİİ 131889 saylı nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, dövlət qeydiyyat nömrəsi ** BD *** olan “VAZ 2106” minik markalı avtomobili xx.xx.2022-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər,qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Cavabdeh1 etibar edilmişdir. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X5 Protokoldan görünür ki,İV Tağım YPX inspektoru polis baş serjantı X3 tərəfindən İsmayıllı rayon Cülyan kənd sakini Cavabdeh1 barəsində İXM-nin 335.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X5 Protokol tərtib olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Belə ki, sözügedən avtomobilin sahibi Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə hazırki ilkin iddia üzrə cavabdeh/oğlu Cavabdeh2 verdiyinə görə xx.xx.2022-ci il tarixli, İXP-4436366 saylı protokola əsasən İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi iddiaçı/cavabdeh sözügedən hadisə zamanı təqsirli bilinən şəxs olaraq Cavabdeh2la birlikdə Cavabdeh1 qarşı müştərək qaydada tələb irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin,nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh/iddiaçı Cavabdeh2 sürücülük hüququ və etibarnamə olmadan atası, hazırki tələb üzrə Cavabdeh1 faktiki sahibliyində olan ** BD *** olan “VAZ 2106” minik markalı avtomobillə 04 fevral 2022-ci il tarixdə İsmayıllı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “VAZ-21041” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və hadisə nəticəsində həmin abvtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə hazırki ilkin iddia üzrə cavabdeh/oğlu Cavabdeh2 verdiyinə görə xx.xx.2022-ci il tarixli, İXP-4436366 saylı protokola əsasən İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində, Cavabdeh2 isə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC avtomobilə dəymiş zərəri 150 manat məbləğində qiymətləndirərək, “VAZ-21041” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə həmin məbləği ödəmişdir. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab edir ki, cavabdeh/iddiaçı Cavabdeh2 iddiaçı/cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddiası sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius”(“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh qarşılıqlı iddia tələbini qəbul etmədiyi üçün qarşılıqlı iddiaçının 65 manat maddi ziyan vurmasını sübutetmə yükü onun üzərinə düşür. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 "xxxx" ASC-nin qanunsuz əməlləri nəticəsində ona 65 manat məbləğində maddi və 5000 manat məbləğində isə mənəvi zərərin vurulması barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, cavabdeh/iddiaçı “X4 Servis Mərkəzi” tərəfindən ilkin olaraq avtomobilə dəyən zərərin 135 manat müəyyən edildiyinə istinad etsə də,iş materiallarından da göründüyü kimi "xxxx" ASC tərəfindən avtomaşının sahibinə sığorta ödənişi həyata keçirilən zaman dəymiş ziyan 150 manat məbləğində müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 150 manat məbləğində pul "xxxx" ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən,iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən,cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh/iddiaçı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında 150 manat məbləğində dəymiş ziyan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli,qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı məbləğləri də cavabdeh/iddiaçı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı/cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh/iddiaçı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 150 (bir yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 180.40 (bir yüz səksən manat, qırx qəpik) manat məbləği iddiaçı/cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar