Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-959/2025 17.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1971,88 manat əsas, 8,21 manat faiz, 2,77 manat cərimə olmaqla cəmi 1982,86 manat borcun və 39,83 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin 2866,7 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Həmin müqavilənin təminatı kimi Cavabdeh2 ilə 31 yanvar 2022-ci il tarixli LM012200281 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 28 may 2025-ci il tarixə kredit üzrə cəmi borcu 1982,86 manat təşkil edir. Bundan 1971,88 manat əsas, 8,21 manat faiz, 2,77 cərimə borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-21-8775/2025 saylı 22 may 2025-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmi 1982,86 manat kredit borcunun və 39,83 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş 18 iyun 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanılmış 19 oktyabr 2012-ci il tarixli 152R12/B saylı kredit müqaviləsi üzrə 2866,7 manat kredit borcu restrukturizasiya olunaraq cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2866,7 manat məbləğində kredit verilmişdir. - 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli restrukturizasiya müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh1 60 ay müddətində hər ay 49 manat olmaqla 2866,7 manat əsas borc və 73,32 manat faiz borcu, cəmi 2940,02 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - 22 may 2025-ci il tarixli 12-5/2-Ə-21-8775/2025 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borc məbləğinin beş iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 10 iyun 2025-ci il tarixli 12-5/2-8430/2025 nömrəli maliyyə arayışının surətindən görünür ki, 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 28 may 2025-ci il tarixinə 1971,88 manat əsas, 8,21 manat faiz və 2,77 manat cərimə olmaqla, cəmi 1982,86 manat məbləğində borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) tərəfindən 39,83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1arasında bağlanılmış 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2866,7 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 60 ay müddətində hər ay 49 manat olmaqla 2866,7 manat əsas borc və 73,32 manat faiz borcu, cəmi 2940,02 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 31 yanvar 2022-ci il tarixli LM012200281 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Xəbərdarlıqlar olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. İddiaçı cavabdehlərdən 1971,88 manat əsas, 8,21 manat faiz, 2,77 manat cərimə olmaqla cəmi 1982,86 manat borcun və 39,83 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1971,88 manat əsas, 8,21 manat faiz, 2,77 manat cərimə və 39,83 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2022,69 manat məbləği alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1971,88 manat əsas, 8,21 manat faiz, 2,77 manat cərimə və 39,83 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2022 (iki min iyirmi iki) manat 69 (altmış doqquz) qəpik alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-959/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-959/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver