Məhkəmə qərarları › İş №e-2(037)-961/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-961/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-961/2024 20.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 780 manat əsas, 26,94 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)120619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 783,22 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin 1.1, 1.2, 1.3 və 2.4.4 və 2.4.13-cü bəndlərinə əsasən Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 01 avqust 2023-cü il tarixli **********471 nömrəli bildirişlə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmiş, 11 mart 2020-ci il tarixdə sonuncu ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 27 iyul 2023-cü il tarixə banka ödənilməmiş cəmi 806,94 manat məbləğində borcu vardır. Bundan 780 manat əsas və 26,94 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.1.5 və 4.4-cü bəndlərinə əsasən borcalan müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank birtərəfli qaydada bu müqaviləni vaxtından əvvəl ləğv etməklə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malikdir. İddiaçı Cavabdeh 780 manat əsas, 26,94 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 12 iyul 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Quşencə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin uzun illərdir ərazidə yaşamadığı, məktubun nümayəndəlikdə saxlanıldığı və mümkün olduğu halda cavabdehə çatdırlacağı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 12 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)120619-01 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 783,22 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. - 01 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 12 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)120619-01 nömrəli kredit müqaviləsi üzrə 27 iyul 2023-cü il tarixə yaranmış 780 manat əsas, 26,94 manat faiz olmaqla cəmi 806,94 manat kredit borcunun üç günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 01 avqust 2023-cü il tarixli məktubdan görünür ki, cavabdehin 12 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)120619-01 nömrəli kredit müqaviləsi üzrə 27 iyul 2023-cü il tarixə 780 manat əsas, 26,94 manat faiz olmaqla cəmi 806,94 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 08 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)120619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 783,22 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 780 manat əsas və 26,94 manat faiz olmaqla cəmi 806,94 manat borcu yaranmışdır . İddiaçı cəmi 806,94 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 780 manat əsas, 26,94 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 836,94 manat məbləği alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 780 manat əsas, 26,94 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 836 (səkkiz yüz otuz altı) manat 94 (doxsan dörd) qəpik məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar