Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-961/2025 22.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı “FİNCA Azərbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1119,6 manat əsas borc və ödənilmiş 31,2 manat dövlət rüsumu məbləğinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2019-cu il tarixli, **********0017 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2116 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1,82 manat, dörd il müddətində isə hər ay 45 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 Bəhrəm oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırkı müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 01 may 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 1119,6 manat, faiz borcuna görə 0.00 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 1119,6 manat təşkil edir. İddiaçı cəmi 1119,6 manat borc və ödənilmiş 31,2 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən Cavabdeh1 08 mart 2025-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 05 avqust 2019-cu il tarixli **********0017 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 2116 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətdə 2116 manat əsas və 65,6 manat faiz olmaqla cəmi 2181,6 manat ödəməyi öhdəsinə götürmüşdür. - 05 avqust 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2019-cu il tarixli **********0017 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 verilmiş 2116 manat kreditlə əlaqədar olaraq Cavabdeh1 Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 01 may 2025-ci il tarixli 2025/999/ nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 05 avqust 2019-cu il tarixli **********0017 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2116 manat kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 01 may 2025-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Cavabdeh1 05 avqust 2019-cu il tarixli **********0017 nömrəli kredit müqaviləsi üzrə 1119,6 manat əsas borcu vardır. - 04 iyun 2025-ci il tarixli **********80 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 31,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2019-cu il tarixli **********0017 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 2116 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətdə 2116 manat əsas və 65,6 manat faiz olmaqla cəmi 2181,6 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 08 mart 2025ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh1 1119,6 manat əsas borcu vardır. İddiaçı cəmi 1119,6 manat borc məbləğinin və ödənilmiş 31,2 manat məbləğində dövlət rüsumunu müştərək qaydada cavabdehlərdən tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə məhkəmənin 22 oktyabr 2025-ci il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalı, iddia tələbi Cavabdeh2 ilə bağlı hissədə isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki, 05 avqust 2019-cu il tarixli **********0017 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra Cavabdeh2 həmin öhdəliklərin icrası üçün bilavasitə maddi məsuliyyət daşıyır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verildiyindən, Cavabdeh2 isə 05 avqust 2019-cu il tarixli **********0017 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə görə iddiaçının qarşısında Cavabdeh1 ilə eyni həcmdə maddi məsuliyyət daşıdığına görə 05 avqust 2019-cu il tarixli **********0017 nömrəli kredit müqaviləsi üzrə 1119,6 manat əsas borc məhz Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,2 manat dövlət rüsumu məbləği də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1119,6 manat əsas borc və 31,2 manat dövlət rüsumu – cəmi 1150 (bir min bir yüz əlli) manat 80 (səksən) qəpik məbləği alınaraq iddiaçı “FİNCA Azərbaijan” X1 Bank Kredit Təşkilatının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-961/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-961/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver