Məhkəmə qərarları › İş №e-2(037)-977/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-977/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-977/2024 22.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2145,29 manat əsas, 39,96 manat faiz və 41,85 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 108.LN.1675.150819.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2312,89 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 27 noyabr 2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 2185,25 manat təşkil edir. Bundan 2145,29 manat əsas, 39,96 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********852 saylı 16 sentyabr 2022-ci il tarixli və **********603 saylı 23 oktyabr 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı Cavabdeh 2145,29 manat əsas, 39,96 manat faiz və 41,85 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 iyul 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 avqust 2019-cu il tarixli 108.LN.1675.150819.00002 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2312,89 manat məbləğində kredit verilmişdir. - 16 sentyabr 2022-ci il tarixli **********852 saylı və 23 oktyabr 2023-cü il tarixli **********603 saylı nömrəli bildirişlərin surətlərindən görünür ki, cavabdehdən 15 avqust 2019-cu il tarixli 108.LN.1675.150819.00002 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun üç gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 01 dekabr 2023-cü il tarixli **********084 nömrəli məktubun surətindən görünür ki, cavabdehin 15 avqust 2019-cu il tarixli 108.LN.1675.150819.00002 nömrəli kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixə 2145,29 manat əsas, 39,96 manat faiz olmaqla cəmi 2185,25 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 11 iyul 2024-cü il tarixli **********85 nömrəli mədaxil qəbzinin görünür ki, iddiaçı tərəfindən 41,85 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətilə Cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 108.LN.1675.150819.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2312,89 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. Hal-hazırda cavabdehin 2145,29 manat əsas və 39,96 manat faiz olmaqla cəmi 2185,25 manat borcu yaranmışdır. İddiaçı cəmi 2185,25 manat borcu və ödənilmiş 41,85 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2145,29 manat əsas, 39,96 manat faiz və 41,85 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2227,1 manat məbləği alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2145,29 manat əsas, 39,96 manat faiz və 41,85 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2227 (iki min iki yüz iyirmi yeddi) manat 10 (on) qəpik məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar