Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-980/2022 02.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 02 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 150 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 sentyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Opel Astra” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Elnur Bədəlov tərəfindən idarə olunan “QAZ-33021” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkmişin avtomobilinin zədələnməsi ilə bağlı 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “QAZ-33021” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə ödənilmiş 150 manat məbləğində pulu cavabdehdən tələb etmə hüququ yaranmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. 2021-ci ilin oktyabr ayının 05-də “Opel Astra” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində “Dərnəgül yolu” adlanan ərazidə hərəkətdə olarkən qəza baş vermiş və ona məxsus avtomaşın “Qazel” markalı avtomobillə toqquşmuşdur. Qəzanın baş verməsi “Qazel” markalı avtomaşının sahibinin günahı üzündən baş vermişdir.Qəza nəticəsində avtomaşınlara zərər dəyməmişdir.“Qazel” markalı avtomaşının sahibi narazılıq etdiyindən əraziyə "xxxx" ASC-nin nümayəndəsini dəvət etmişdir.Sığorta şirkətinin əməkdaşı əraziyə gəlmiş və avtomaşınların foto şəkillərini çəkərək sənədləşdirmə işlərini aparmışdır. Sığorta şirkətinin əməkdaşı avtomaşınlara baxış keçirdikdən sonra gülərək hadisə nəticəsində avtomaşınlara zərər dəymədiyi halda nə üçün onu hadisə yerinə dəvət etdiyini ona bildirmişdir. Sığorta şirkətinin əməkdaşı avtomaşınlara zərər dəymədiyini bildirməsindən sonra hadisə yerindən çıxıb getmişdir. O, hadisə yerindən getdikdən sonra “Qazel” markalı avtomaşının sahibi polisə zəng edərək onun hadisə yerini özbaşına tərk etdiyini bildirdikdən sonra polis əməkdaşları əraziyə gəlmiş, ərazidə olmadığından ona 98 manat cərimə yazmışlar və o həmin cəriməni ödəmişdir. Eyni zamanda “Qazel” markalı avtomaşının sahibi polisə məlumat verərək güya hadisə zamanı dalaşdıqlarını və onun “Qazel” markalı avtomaşının sahibinin paltarını çırdığını bildirməsindən sonra polis əməkdaşları hər birini 50 manat cərimə etmiş və o həmin cəriməni də ödəmişdir. Bundan əlavə hadisə zamanı idarə etdiyi “Opel Astra” markalı avtomaşını satarkən 48 manat sığorta borcu olduğundan həmin pulu da sığorta şirkətinə ödəmişdir. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən “Qazel” markalı avtomaşının sahibinə heç bir sığorta ödənişi olmamışdır. "xxxx" ASC tərəfindən sığorta ödənişi edilmədiyi halda ondan 150 manat maddi zərər məbləğini hansı əsasla və nəyə görə tələb etməsini və nə üçün onu məhkəməyə verdiyini bilmir. Ona görə də iddia tələbini qəbul etmir və izahatında qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli X3 Protokolundan görünür ki, Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən İsmayıllı rayon Qalınçaq kənd sakini Cavabdeh barəsində İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli X3 Protokol tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli, PGU-3450/21 saylı dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Qazel” markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 150 manatdır. xx.xx.2021-ci il tarixli, PGU-213458 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, “QAZ-33021” markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 manat müəyyən edilmiş, sığorta ödənişi avtomobilin sahibi X2 ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,Cavabdeh idarə etdiyi “Opel Astra” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Elnur Bədəlov tərəfindən idarə olunan “QAZ-33021” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhər DYPİ-nin 14 oktyabr 2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC avtomobilə dəymiş zərəri 150 manat məbləğində qiymətləndirərək, “QAZ-33021” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə həmin məbləği ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 150 manat məbləğində pul "xxxx" ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən,iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən,cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 150 manat məbləğində dəymiş ziyan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30.40 manat dövlət rüsumu məbləği də Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 180.40 (bir yüz səksən manat,qırx qəpik) manat məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-980/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-980/2022
02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver