Məhkəmə qərarları › İş №e-2(038)-197/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-197/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-197/2025 07.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-yə dəymiş ziyan 1678 manat 80 qəpik məbləğin və ödənilmiş dövlət rüsumu 37 m məbləğin Cavabdeh tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edəsiniz. İddia tələbi onunla əsaslandırılmışdır ki Cavabdeh xx.xx.2024-cü il tarixdə gecə radələrində ünvan 1 ünvanında yerləşən “OBA Yardımlı 1” mağazasına daxil olaraq oğurluq cinayəti törətmişdir. Həmin oğurluq hadisəsi nəticəsində İddiaçı MMC-yə 1678 manat 80 qəpik ziyan dəymişdir. Yardımlı Rayon Məhkəməsinin hakimi cənab Rəşad Məmmədovun icraatında olmuş 1(038)-5/2025 saylı cinayət işi üzrə məhkəmə icraatı xx.xx.2025-ci il tarixdə yekunlaşmış və ittiham hökmü çıxarılmışdır. Həmin hökmdən göründüyü kimi Cavabdeh etdiyi əməli etiraf edərək İddiaçı MMC-yə ziyan vurduğunu bildirmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmün nəticə hissəsindən göründüyü kimi zərərçəkmiş hüquqi şəxs İddiaçı MMC-nin vurulmuş maddi ziyan ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında müraciət hüququ qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qeydiyyatda olduğu ünvan 3 ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Yardımlı RİHB-nın Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş Yardımlı Rayon Məhkəməsinin 23.1.2025-ci il tarixli, 1(038)-5/2025 №-li hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə 02 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Yardımlı şəhərində yaşayan X1 məxsus Yardımlı şəhəri, Heydər Əliyev prospekti 156 ünvanında yerləşən dükana pəncərənin şüşəsini sındıraraq qanunsuz daxil olmuş, həmin dükandan müxtəlif malları gizli yolla talayaraq zərərçəkmiş şəxs Vüqar Mustafazadəyə ümumilikdə 627 (altı yüz iyirmi yeddi) manat, 03 noyabr 2024-cü il tarixdə saat 01 radələrində İddiaçı MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən “OBA Yardımlı 1” mağazasının arxa giriş qapısına zor tətbiq edərək kilidini deformasiyaya uğratmaqla qanunsuz daxil olmaqla müxtəlif malları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs İddiaçı MMC-yə ümumilikdə 1678,60 (min altı yüz yetmiş səkkiz manat altmış qəpik) manat maddi ziyan vurduğuna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı MMC-yə 1678,60 (min altı yüz yetmiş səkkiz manat altmış qəpik) manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərfindən tam həcmdə ödənilməlidir. Məhkəmə bu konteksdə ziyan vurma ilə bağlı iddia tələbinə hüquqi dəyərləndirmə verərək belə qənaətə gəlir ki, cavabdehin əməllərində ziyanvurma ilə bağlı mülki-hüquq pozuntusunun (deliktin) tərkibi olmuşdur. Buna görə iddia tələbi əsaslı və təmin edilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259.20 -220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 1678,80 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMCyə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar