Məhkəmə qərarları › İş №e-2(038)-218/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-218/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-218/2024 17.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Azad oğlunun sədrliyi, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 916,87 manat əsas, 466,12 manat faiz, 226,98 manat cərimə, cəmi 1609,97 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,50 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 646nkSTB2b/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2020-ci il tarixində illik 29.5% olmaqla 1600 AZN məbləğində kredit köçürülmüşdür. Kredit Müqaviləsinin 2.9-cu bəndinə əsasən “Borcalan” kreditin və ya ona hesablanmış fazilərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə 916,87 manat əsas, 466,12 manat faiz, 226,98 manat cərimə, cəmi 1609,97 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 7 mart 2024-cü il tarixdə iddia ərizəsi və Cavabdeh göndərilməsinə sonuncu tərəfindən 16 mart 2024-cü il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 646nkSTB2b/20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xx.xx.2020-ci il tarixində illik 29.5% olmaqla 1600 AZN məbləğində kredit köçürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 02 mart 2024-cü il tarixinə 916,87 AZN əsas, 466,12 AZN faiz, 226,98 AZN cərimə, cəmi 1609,97 borcu yaranmışdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı "xxxx" KB ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 36,10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 646nkSTB2b/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Müqavilə ilə müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2020-ci il tarixində illik 29.5% olmaqla 1600 AZN məbləğində kredit köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqavilə üzrə gecikdirilmiş 916,87 manat əsas məbləğə 90 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36,50 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 916,87 manat əsas, 466,12 manat faiz, 90 manat cərimə, cəmi 1472,99 manat borc və 36,50 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: x1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar