Məhkəmə qərarları › İş №e-2(038)-241/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-241/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-241/2024 17.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Azad oğlunun sədrliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3359.42 AZN əsas; 26.57 AZN faiz; cəmi 3385.99 AZN borcun və ödənilmiş 53.86 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK3465387B221 saylı Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 3433.39 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2023-cü il tarixli ZRGTK3465387B221 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 3359.42 AZN əsas; 26.57 AZN faiz; cəmi 3385.99AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 19 mart 2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh2 və Cavabdeh1 göndərilməsinə cavabdehlər tərəfindən müvafiq olaraq 04 aprel 2024-cü və 05 aprel 2024-cü il tarixlərdə rəsmi qaydada alınmasına baxmayaraq cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli RGTK3465387B221 kredit müqaviləsindən və EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən illik 20% dərəcəsi tətbiq edilməklə 48 ay ərzində qaytarmaq şərti ilə 3433,39 manat məbləğində kredit verilmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli RGTK3465387B221 kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 3433,39 manat məbləğində nəğd pul götürmüşdür. xx.xx.2023-cü il tarixli ZRGTK3465387B221 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə, RGTK3465387B221 saylı kredit müqaviləsinə əsasən 3359,42 manat əsas, 26,57 manat faiz, cəmi 3385,99 manat məbləğində borcu vardır. Hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 53,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZRGTK3465387B221 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 3433.39 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq tərəflər kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məkəmə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia Cavabdeh2 münasibətdə tam şəkildə əsaslıdır. Məhkəmə iddianın kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 53,86 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli RGTK3465387B221 nömrəli kredit müqaviləsi üzrə 3359,42 manat əsas, 26,57 manat faiz olmaqla, cəmi 3385,99 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 53,86 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddaçı İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar