Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-25/2024 29.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 7343 manat pul tələb edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdehdən iddia ərizəsi üzrə icarə borcu ilə əlaqədar 6000 manat, 1 ədəd üçmərtəbəli rəfə görə 210 manat, 2 ədəd kiçik rəfə görə 140 manat, hüquqi yardımla 1000 manat, aparılmış notariat hərəkətləri üçün 19 manat və iddianın verilməsinə görə 94 manat dövlət rüsumu, ümumilikdə 7463 manat tələb edilir. Bu məbləğdən tərəflərin razılaşdıqları kimi cavabdehin konteyner təhvil verilən zaman onun daşınmasına görə artıq ödədiyi 120 manat çıxılmaqla, qalan məbləğ 7343 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı 15000 manat dəyərində olan konteyneri 1 il müddətinə cavabdehə icarəyə vermiş, cavabdeh isə bunun müqabilində hər ay 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixdə konteyner içərisində 1 ədəd 650 manat dəyərində olan kondisioner, hər biri 210 manat dəyərində olan 3 ədəd üçmərtəbəli rəf və hər biri 70 manat dəyərində olan 3 ədəd kiçik rəflə birlikdə cavabdehə təhvil verilmiş və bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya hər hansı icarə haqqı ödənilməmiş, hər dəfə müxtəlif bəhanələrlə icarə haqqı ödənilməsindən yayınmışdır. xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən konteyner iddiaçı tərəfindən cavabdehin iştirakı ilə geri götürülmüş, bu zaman cavabdeh tərəfindən iddiaçının təhvil verdiyi 3 ədəd üçmərtəbəli rəfdən biri, 3 ədəd kiçik rəfdən isə ikisi geri verilməmişdir. Konteyner geri götürülən zaman da tərəflər arasında akt tərtib edilmiş və imzalanmışdır. Həmçinin konteyner təhvil veriləndə və geri götürüləndə videoçəkiliş aparılmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmiş, eyni zamanda dəfələrlə danışıqlar aparılsa da, cavabdeh borclu olduğu puldan hər hansı bir vəsait ödəməmişdir. Beləliklə, müəyyən edilir ki, cavabdehin iddiaçıya icarə borcu ilə əlaqədar 6000 manat, cavabdehdə qalmış 1 ədəd üçmərtəbəli rəfə görə 210 manat, 2 ədəd kiçik rəfə görə 140 manat borcu yaranmışdır. Bundan başqa, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə 1000 manat, vəkilə etibarnamə verilməsi ilə əlaqədar aparılmış notariat hərəkətləri üçün 19 manat, hazırkı iddianın verilməsinə görə 94 manat dövlət rüsumu ödənilmişdir. Nəticədə iddiaçı tərəfindən cavabdehdən tələb ediləcək məbləğlərin cəmi (6000+210+140+1000+19+94=7463) 7463 manat təşkil edir. Bu məbləğdən cavabdehin konteyner təhvil verilən zaman onun daşınmasına görə artıq ödədiyi 120 manat çıxılmaqla, qalan məbləğ (7463-120=7343) 7343 manat cavabdehdən tələb edilməlidir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, cavabdehin yaranmış borca etiraz etmədiyini, lakin hər hansı bir ödəniş də etmədiyini bildirdi. Bundan əlavə cavabdeh tərəfindən artıq ödənilmiş 120 manat borc məbləği hesablanarkən çıxılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə olan 28 oktyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı icarəçi Cavabdeh 15000 manat dəyərində olan konteyneri icarəyə vermişdir. Müqavilə üzrə aylıq icarə haqqı 500 manat müəyyən edilmişdir. İşdə olan təhvil-təslim aktından görünür ki, icarəyə verən 15000 manat dəyərində olan konteyneri və konteynerin içərisində bir ədəd 650 manat dəyərində kondisoner və 3 ədəd ədəd mərtəbəli polka 210 manat dəyərində, 3 ədəd kiçik polka 70 manat dəyərində olmaq şərtilə tam olaraq icarəyə verilir. Cavabdeh isə onları icarəyə götürür. İşdə olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən əldə edilmiş yazışmalardan görünür ki, Cavabdeh 7324 manat borcunun olması ilə razılaşmışdır. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh icarə haqqı borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini barədə məlumat verilmişdir. İşdə olan 16 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı notariat xərci kimi 19,75 manat rüsum ödəmişdir. İşdə olan 17 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 94 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 17 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 1000 manat ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında icarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Cavabdehin müqavilə üzrə heç bir ödəniş etmədiyini nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh hazırda iddiaçıya icarə haqqı üzrə borcu 6000 manat təşkil edir. Bundan əlavə iddiaçı cavabdehdə qalmış 1 ədəd üçmərtəbəli rəfə görə 210 manat, 2 ədəd kiçik rəfə görə 140 manat tələb edir. Qeyd edilən əmlakların cavabdehə verilməsi iş materiallarında olan təhvil-təslim aktı ilə sübuta yetirilir. İddia tələbinin hüquqi yardımla bağlı 1000 manat, notariat hərəkətləri üçün 19 manat və iddianın verilməsinə görə 94 manat dövlət rüsumu hissəsində tələb qeyd edilən məbləğlərə dair məhkəməyə təqdim ödəniş çekləri ilə təsdiqini tapmışdır. Bundan başqa iddiaçı cavabdehə ödəməli olduğu 120 manat pulun əsas borc məbləği 6000 manatdan çıxılmasını tələb etmişdir. Göstərilənlərə əsasən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh icarə haqqı üzrə 5880 manat, 1 ədəd üçmərtəbəli rəfə görə 210 manat, 2 ədəd kiçik rəfə görə 140 manat, hüquqi yardımla bağlı 1000 manat, notariat hərəkətləri üçün 19 manat və 94 manat dövlət rüsumu, cəmi 7343 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X1
Məhkəmə qərarları › İş №e-2(038)-25/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-25/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver