Məhkəmə qərarları › İş №e-2(038)-3/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-3/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-3/2024 08.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Yardımlı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas kredit borcu üzrə 21615.90 manat, 3187.77 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat dəbbə pulu, cəmi 25803.67 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 167.41 manat pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 40000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 21615.90 manat məbləğində qalıq, ona hesablanmış 3187.77 manat faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat dəbbə pulu, cəmi 25803.67 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 167.41 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın həcmini artırmış, sonradan yaranmış əlavə xərclərə 500 manat ekspertiza xərcinin və iddianın həcminin artırılması üçün əlavə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Məhkəmənin 08 fevral 2024-cü ilı tarixli, 2(038)-03/2024-cü il tarixli qərardadı ilə iddianın ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissədə tələbə baxılmasına xitam verilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 22000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 İP №-li İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 40000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Beləliklə xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 21615.90 manat məbləğində qalıq, ona hesablanmış 3187.77 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 25803.67 manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı BOKT ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək İddiaçı BOKT ASC-nin ona qarşı iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, cərimə borcu hissəsində iddiaya etiraz etdiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00296-01 nömrəli istehlak krediti müqaviləsinin məzmunundan müəyyən olunur ki, kreditor borcluya illik 30% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 22.000 manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC Cavabdeh hesabına 22000 manat pul köçürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT ASC-yə xx.xx.2023-cü il tarixə 21615,90 AZN əsas; 3187,77 AZN faiz; 1000 cərimə, cəmi 25803,67 AZN borcu yaranmışdır. İddiaçı Bank olmayan Kredit X1 Cəmiyyəti- və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00296-01İP nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixli, 2022/00296-01 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 40000 manata qiymətləndirilən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil Cavabdeh adına xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə ipoteka ilə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 333 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil İddiaçı Bank olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə ipoteka ilə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 333 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin borcalan və ipoteka qoyan Cavabdeh ünvanladığı 27 fevral 2023-cü il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil üzərində tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırılması üçün 167,41 manat dövlət rüsumu ödəmişdir. Məzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin likvid dəyəri 38000 manat, bazar dəyəri 45000 manat qiymətləndirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşin faktiki hallarına əsasən tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanması, həmin məbləğin təminatı olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi, kredit öhdəliyi üzrə öhdəliyin layiqincə yerinə yetirilməməsi məhkəmə iclasında tədqiq edilən təkzibolunmaz sübutlatla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2.-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1.-ci maddəsinə əsasən girov və ipoteka hüququ qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4.-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1.-cı maddəsinə uyğun olaraq girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1- ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34-cü maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar -əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 22000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 21 oktyabr 2022-ci il tariхli, 2022/00296- 01 İP №-li İpoteka müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 №-li istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə banka xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 21615.90 manat məbləğində qalıq, ona hesablanmış 3187.77 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 25803.67 manat məbləğində borc yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh tərəfindən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcu cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Cərimə borcu hissəsində məhkəmə məbləğin 500 manat həddində tutulmasını əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əasasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunması tələbinə münasibətdə qeyd edir ki, borc müqaviləsi iki tərəfli müqavilədir. Borclu müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, əsas və faiz borc qismən icra edilmişdir. Belə olan halda iddiaçının kreditor olaraq öhdəliyin qalan hissəsinin icrasına marağı itmiş və müqavilə öhdəliyinin davam etməsindən imtina etməsində haqlı hesab olunmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: –bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; –öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; –xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının müqavilə öhdəliklərindən vaxtından əvvəl birtərəfli qaydada imtina etməsi haqlı hesab olunmalıdır. Bu hala zəmin yaradan Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Bank olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019cu il tarixli, 2019/00190-01İP nömrəli ipoteka müqaviləsinə əsasən 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 40000 manata qiymətləndirilən Abşeron ray, Xırdalan şəh, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu 90 təqvim günündən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi müəyyən olunmuş əmlakın likvid dəyərində, yəni 38000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddia dövlət rüsumu kimi ödənilmiş 197.41 manat pul, əlavə xərclərə (qiymətləndirmə rəyi) 500 manat tələbi hissədə də əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2022-ci il tariхli, 2022/00296-01 №-li Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borca görə 21615.90 manat, faiz borcuna görə 3187.77 manat, cərimə borcuna görə 500, cəmi 25303,67 manat, qiymətləndirmə üzrə mütəxəssis rəyi xərcinə görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 197,41 manat tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilinə yönəldilsin, mənzil açıq hərrac yolu ilə satılsın. Mənzilin ilkin satış qiyməti 38000 manat müəyyən olunsun. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar