Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-672/2025 02.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmış və aşağıdakılar müəyyən edilmişdir: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 55 manat dövlət rüsumu, ümumilikdə 3555 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində PME********** müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yardımlı rayonu ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə X8 Şirkətinə məxsus olan anbara zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqəliyyat vasitəsinin sürücüsü Əskərov X3 xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 3500 manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənə 3500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının subroqasiya hüququnu yaradan əsas kimi təsbit olunmuşdur. Bildiririk ki, AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Cavabdeh etiraz verərək, iddia ərizəsində qeyd olunduğu kimi qəza nəticəsində zərərçəkmiş şəxsə 3500 manat pul verilmiş, həmin pul sığorta hesabına ödənilmişdir və həmin məbləği ondan tələb edirlər. Bu səbəbdən də iş üzrə araşdırılma aparılması üçün, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Cavabdeh etirazına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbehvermə haqqında qərarından görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Yardımlı rayon Polis Şöbəsinin DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt «HOWO» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsindən görünür ki, «HOWO» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, yəni xx.xx.2024-cü ilədək icbari qaydada sığorta olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş İAS231992 №-li sığorta aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yardımlı şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və X8 Şirkətinə məxsus olan anbara zərər vurmuşdur. Qüsur aktından görünür ki, Yardımlı şəhəri ərazisində yerləşən X8 Şirkətinə məxsus olan anbara dəymiş zərər 3500 manat təşkil edir. Ödəniş tapşırığından görünür ki, zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən X8 Şirkətinə 3500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Mübahisəyə tətbiq edilən maddi və prosessual hüquq normaları: «İcbari Sığorta haqqında» Qanunun 25.1.3-cü bəndində görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərər çəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Qeyd olunan hüquq normaları ilə iddiaçı tərəfindən təqdim edilmiş sübutları qarşılıqlı şəkildə tədqiq etməklə müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə «HOWO» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yardımlı şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və X8 Şirkətinə məxsus olan anbara zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 3500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisənin baş verməsinə səbəb Cavabdeh təqsirli hərəkətləri olmuş. və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Buna görə də iddia əsaslıdır və "xxxx" ASC tərəfindən X8 Şirkətinə sığorta ödənişi kimi ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin cavabdehdən subroqasiya qaydasında tələb olunmasında iddiaçı haqlı olmuşdur. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh etirazına əsasən Yardımlı Rayon Məhkəməsinin qərarı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və cavabdehin məhkəmədə şifahi məhkəmə iclasında iştirakının təmin edilməsi, iddia qarşı etirazını əsaslandırması üçün ona şərait yaradılmışdır. Lakin cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında gəlməmiş, etirazının konkret olaraq nədən ibarət olması ilə bağlı müvafiq açıqlama verməmişdir. Belə ki, cavabdeh işin sadələşdirilmiş icraat qaydasında baxılmamasına dair verdiyi etirazında yalnız tələb olunan 3500 manat məbləğində pul vəsaitinin şişirdilməsini göstərmişdir. İddiaçı qeyd olunan məbləği təsdiq edən sübut kimi müvafiq qüsur aktını təqdim etsə də, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Halbuki, MPMnin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsasını, yəni hazırki halda 3500 manat məbləğində pul vəsaitinin cavadehdən tələb etməsinin səbəbini xx.xx.2023-cü il tarixli qüsur aktı və zərərçəkənə ödəniş edilməsi ilə bağlı ödəniş tapşırığı ilə əsaslandırır. Beləliklə iddiaçı iddiasını əsaslandırdığı hallarla bağlı məhkəməyə müvafiq sübut təqdim edir. Cavabdeh isə bunun əksini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmir və sadəcə söz olaraq etirazında ifadə eməklə kifayətlənir. MPMnin 217.4-cü maddəsində də məhz o müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlara əsaslanaraq müvafiq qərar qəbul etməlidir. Cavabdeh hər hansı əks sübutunu təqdim etmədiyindən məhkəmə iddiaçının təqdim etdiyi qüsur aktını və ödəniş tapşırığını əsaslı və mötəbər sübut kimi qəbul edir. Məhkəmə cavabdehin etirazının digər dəlilinə, yəni sığorta müqaviləsi bağlandığı halda məhz sığorta ödənişinin də sığortaçı tərəfindən ödənilməli olması ilə bağlı dəlilinə qiymət verərək, hesab edir ki, həmin dəlil iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunan məsələ Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları ilə tənzimlənir. Qanunvericilin mənasına görə subroqasiya hüququ, sığortaçı tərəfindən ödədiyi sığorta ödənişini geri tələb etmək hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir, yəni zərərçəkənə vurulmuş zərəri ödədiyi halda zərərçəkənin buna dair üçüncü şəxslərdən tələb hüququ ödənişi etmiş sığortaçıya keçir. Məhz bu baxımdan da hazırki iş üzrə iddiaçı Meqa Sığorta ASC də haqlı olaraq «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən zərərçəkən X8 Şirkətinə vurduğu və iddiaçı tərəfindən ödənilmiş ziyanın əvəzini cavabdehdən tələb edir. Məhkəmə etirazın onun avtomobili idarə etmək səlahiyyətinin olması ilə bağlı dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Yardımlı rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbehvermə haqqında qərarına əsasən Əskərov X3 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir, yəni cavabdehin təqsiri inzibati orqan tərəfindən müəyyən edilmişdir. Cavabdeh isə həmin qərarı mübahisələndirməmiş və ya mübahisələndirməsi, habelə qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qadağan olunmuş və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Cavabdeh avtomobili idarə etmək səlahiyyətinin olmasını təsdiq edən sübut növü kimi Cəlilabad rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş 7E-8815 reyestr №-li, xx.xx.2021-ci il tarixli etibarnaməni və «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 ilə bağlanmış nikah haqqında şəhadətnaməni əlavə etmişdir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Eyni zamanda qeyd olunan qərarda sərgilənən hüquqi mövqeyə görə ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyə görə şəxs o zaman etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə malikdir ki, həmin nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasına dair şəhadətnamə verilmiş olsun. Nikah haqqında şəhadətnamənin mövcudluğu əmlakın ər-arvadın birgə mülkiyyətdə olmasına dəlalət etmir. Bundan başqa Cəlilabad rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş 7E-8815 reyestr №-li, xx.xx.2021-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, etibarnamədə X2 tərəfindən ümumi səlahiyyətlə hazırki iş üzrə cavabdehə verilmiş, konkret olaraq mülkiyyətində olan «Howo» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi və yaxud da ona dair sərəncam verilməsi ilə bağlı hər hansı xüsusi bir səlahiyyət verilməmişdir. Halbuki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin Xİİİ-İ hissəsində qeyd olunur ki, nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Həmin Qanunun Vİ-İ hissəsinə görə bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. Qanunvericiliyin mənasına görə avtomobilin idarə edilməsinə və ya sərəncam verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamələrdə, digər etibarnamələrdən fərqli olaraq xüsusi məlumatlar da göstərilməlidir. Belə məlumatlara fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsi qeyd edilməlidir. Hazırki iş üzrə təqdim edilmiş Cəlilabad rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş 7E- 8815 reyestr №-li, xx.xx.2021-ci il tarixli etibarnamə belə məlumatlar mövcud deyildir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş zərərə görə sığorta ödənişi kimi ödənilmiş 3500 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 55 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş zərərə görə sığorta ödənişi kimi ödənilmiş 3500 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 55 manat, cəmi 3555 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X7
Məhkəmə qərarları › İş №e-2(038)-672/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-672/2025
02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver