Məhkəmə qərarları › İş №e-2(038)-818/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-818/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-818/2025 10.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat əsas borcun, 400 manat əsas borca görə hesablanmış faizin və 50 manat cərimənin, 30 manat dövlət rüsumu üçün ödənilmiş pulun, ümumilikdə 780 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli müqavilə əsasında "xxxx" MMC Cavabdeh illik 18% olmaqla 6 ay müddətin 300 manat kredit ayırmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi tərəflər arasında Rf/00048 nömrəli, 10 oktyabr 2023-cü il tarixli girov müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında üzərlərinə götürdükləri öhdəlikləri heç bir üzürlü səbəb olmadan yerinə yetirmədikləri üçün hazırki vaxtadək 300 manat əsas borc, müqavilə üzrə əsas borca görə hesablanmış 400 manat faiz borcu və gecikdirilmiş günlərə üçün 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 750 manat miqdarında vəsait borclu qalmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Bu səbəbdən də, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli, Rf/00048 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə, 300 manat məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında Rf/00048 nömrəli, 10 oktyabr 2023-cü il tarixli girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə 300 manat əsas, 400 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 750 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli hökumət ödəniş portalı üzrə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli, Rf/00048 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə, 300 manat məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında Rf/00048 nömrəli, 10 oktyabr 2023-cü il tarixli girov müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən iddia təmin edilməli və 10 oktyabr 2023-cü il tarixli, Rf/00048 saylı kredit müqaviləsi üzrə 300 manat əsas, 400 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 750 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməldir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 oktyabr 2023-cü il tarixli, Rf/00048 saylı kredit müqaviləsi üzrə 300 manat əsas, 400 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 750 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar