Məhkəmə qərarları › İş №e-2(039)-102/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-102/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-102/2023 13.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2,000 manat məbləğində verilmiş sığorta ödənilmiş və 40.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 13 avqust 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Honda CRV” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, 20 may 2022-ci il tarixdə, Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “Opel Astra” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 2,000 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin ASC-nin nümayəndəsi Pərviz Rzayev ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş, iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Fərhad Məmmədov əvvəlki iclas zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 20 may 2022-ci il tarixdə Bakı şəhərində “Honda CRV” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Lakin, dəymiş ziyan şişirdilmiş, bu ziyan cavabdehlər tərəfindən ödənilməli deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, 13 avqust 2021-ci il tarixdə bağlanmış müqavilə ilə Honda CRV markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 həmin tarixdə baş vermi yol nəqliyyat hadisəsi ilə bağlı tıqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Sığorta aktından müəyyən olunur ki, sığorta predmeti olan, Cəsur Əsgərxanlıya məxsus Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 idarə etdiyi, sığorta predmeti olan Honda CRV markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyanın məbləği 2,000 manat müəyyən edilmişdir. Ödəniş tapşırığından müəyyən olunur ki, 2,000 manat Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 ödənilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2,000 manat zərər dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 9/1488 nömrəli rəyində qeyd edilir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1,800.0 manat müəyyən edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İnzibati Xətalar Məcəlləsi: Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 20 may 2022-ci il tarixdə Cavabdeh1 məxsus, "xxxx" ASC tərəfindən sığortalanmış Honda CRV markalı **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobili milli qanunvericiliyin tələblərinə görə sürücülük hüququ olmadan idarə edərək Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sahibinə maddi zərər vurmuşdur. Vurulmuş zərər 2,000 manat məbləğində qiymətləndirilmiş, iddiaçı tərəfindən vurulmuş maddi zərərin əvəzi ödənilmiş, bununla da zərəri tələb etmək hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh2 təqsiri üzündən baş verməsi İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarla təsdiq edilmiş, sonuncu bunu mübahisələndirməmişdir. Cavabdeh1 özünə məxsus avtomobilin Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki cavabdeh iddiaçı qarşısında vurulmuş zərərə görə müştərək məsuliyyət daşıyırlar. Cavabdeh tərəf vurulmuş zərərin məbləğini mübahisələndirmiş, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin məbləğ 1,800 manat təşkil edir. Ekspertiza rəyi ilə müəyyən edilmiş həmin məbləğin düzgün hesablanmadığına dair tərəflər hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1,800 manat, habelə bu məbləğə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1,800 manat vurulmuş zərərin əvəzi və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,838 (bir min səkkiz yüz otuz səkkiz) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar