Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1044/2022 09.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 3,146.97 AZN, bundan 1,147.65 AZN əsas, 639.62 AZN faiz, 1,192.50 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 167.20 AZN faiz borcu və iş üzrə ödənilmiş 51.47 AZN dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 08.12,2014-cü il tarixli kredit müqavilasinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 4,000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 360005959/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləəsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Bolcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Kredit Restrukturizasiya olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2,337 AZN təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********218 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehfər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3,146.97 AZN təşkil edir. Bundan 1,147.65 AZN əsas, 639.62 AZN faiz, 1,192.50 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 167.20 AZN faiz borcu təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Hikmət Həsənli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, kredit müqaviləsində qeyd edilən məbləği götürsə də, maddi çətinliklərlə bağlı ödəniş edə bilməmiş və borc yaranmışdır. Müqaviləni, habelə müqavilənin müddətinin uzadılması barədə sazişi şəxsən özü imzalamışdır. Lakin, iddianın mahiyyətini tam anlamadığından iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə yanlış vəsatət vermişdir. Sonuncu dəfə 2015-ci ildə ödəniş etmişdir. Buna baxmayaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə yalnız 6 ildən sonra müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Bundan başqa iddiaçı ona həddindən artıq faiz borcu və cərimə hesablamışdır. Eyni zamanda zamin olan digər cavabdehə münasibətdə də qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, zamin olaraq iddiaçı ilə Cavabdeh1 arasında balanmış kredit müqaviləsi üzərinə birgə öhdəlik götürsə də, bunun mahiyyətini anlamamışdır. Zaminlik müqaviləsini, habelə zaminlik müqaviləsinə əlavə sazişi özü şəxsən imzalamışdır. Hazırda əsas borclunun əvəzindən ödəniş etməyə maddi imkanı yoxdur. Əsas borclu sonuncu dəfə 2015-ci ildə ödəniş etsə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə yalnız 6 ildən sonra müraciət etmiş, bununla da iddia müddəti, habelə zaminlik üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: 08 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 4,000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 360005959/ZM nömrəli 08 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə borcalan qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. 20 aprel 2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə sazişin surətindən müəyyən olunur ki, kreditin qalıq məbləği 1,653 AZN manat əsas, 416.35 AZN manat faiz və 267.65 AZN cərimə kreditin müddəti isə 20 aprel 2019-cu il tarixədək razılaşdırılıb. Eyni tarixdə Cavabdeh2 ilə də zaminlik müqaviləsinə əlavə saziş imzalanmışdır. Hesabdan çıxarışdan müəyyən olunur ki, 08 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 28 fevral 2022-ci il tarixə 1,147.65 manat əsas, 639.62 manat faiz borcu yaranmış, 1,192.50 manat cərimə, 167.20 manat gecikdirilmiş borc hesablanmıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında ona 24 ay müddətinə illik 24 % ödəmək şərti ilə 4,000 manat kredit verilmiş, eyni tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdehlərlə bağlanmış əlavə sazişlər əsasında kredit müqaviləsinin müddəti 20 aprel 2019-cu il tarixədək uzadılmışdır. Lakin, cavabdehlər müqavilələr üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı yaranmış borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsinin müddəti 20 aprel 201-cu il müəyyən edildiyindən və iddiaçı tərəfindən iddia ərizəsi 12 aprel 2022-ci il tarixdə məhkəməyə təqdim edildiyindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, cavabdeh həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 445.7 maddəsinə uyğun olaraq tələb edilən məbləğin də əsassızlığına dair hallar müəyyən edilməmşdir. Lakin, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 92 manat müəyyən edilməlidir. Borcun cavabdeh olan zamindən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, əsas öhdəliyin icrası müddəti 20 aprel 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə 12 aprel 2022-ci il tarixdə həm borcalana, həm də zaminə qarşı tələbini irəli sürmüşdür ki, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti pozmuşdur. Mülki Məcəllənin 477.0.4. maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyündən, bununla da zaminliyə xitam verildiyindən iddia tələbi cavabdeh olan zaminə münasibətdə təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddia yalnız əsas, faiz borcunun tutulması, habelə pul məbləğinin ödənilməsini gecikdirdilməsinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tam, cərimə tələbi hissəsində qismən və yalnız Cavabdeh1 münasibətdə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi təmin edilən tələbə mütənasib olaraq Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 08 dekabr 2014-cü il tarixli 360005959/ZM nömrəli kredit müqaviləsi üzrə 1,147.65 manat əsas, 639.62 manat faiz borcu, 92 manat cərimə, 167.20 manat pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə faiz borcu və 40.46 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,086 (iki min səksən altı) manat 93 (doxsan üç) qəpik ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1044/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1044/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver