Məhkəmə qərarları › İş №e-2(039)-108/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-108/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-108/2025 22.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 11056.92 manat məbləğində əsas borc, 745.79 manat faiz borcu olmaqla, ümumilikdə 11802.71 manat borcu və 125.81 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bank ilə bağladığı xx.xx.2024cü il tarixli, 600804-842692/3 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan Cavabdeh2 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 11330 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, 600804-842692/3/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 22 oktyabr 2024-cü il tarixinə borclunun kredit müqaviləsi üzrə 11056.92 manat məbləğində əsas borc, 745.79 manat faiz borcu olmaqla, ümumilikdə 11802.71 manat məbləğində kredit borcu yaranmışdır. Bankın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə Bankın nümayəndəsinin iştirakı olmadan baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, o, Goranboy Rayon Xəstəxanasında işlədiyi aylıq 430 manat əmək haqqı aldığını və himayəsində üç azyaşlı uşağı olduğunu nəzərə alınmasını və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, Cavabdeh2 onun oğlu olduğunu, oğlu işləmədiyini və imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilmədiyini, özünün isə 360 manat pensiya aldığını ondan 85 manat Beynəlxalq Banka kredit ödədiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli, 600804-842692/3 №li güzəştli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 illik 20 faiz ödəmək şərti ilə 36 ay müddətinə 11330 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 600804-842692/3 №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 xx.xx.2024-cü il tarixli, 600804-842692/3/2 №li zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə 11056.92 manat məbləğində əsas borc, 745.79 manat faiz borcu olmaqla, ümumilikdə 11802.71 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya ümumilikdə 11802.71 manat borcu ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 11056.92 manat məbləğində əsas borc, 745.79 manat faiz borcu olmaqla, ümumilikdə 11802.71 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.81 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 600804-842692/3 saylı kredit müqaviləsi üzrə 11056.92 manat məbləğində əsas borc, 745.79 manat faiz borcu olmaqla, ümumilikdə 11802.71 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.81 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar