Məhkəmə qərarları › İş №e-2(039)-1081/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1081/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1081/2022 25.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cəmi 11,878 ABŞ dolları, bundan 7,497 ABŞ dolları əsas, 1,639 ABŞ dolları faiz, 1,808 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 934 ABŞ dolları faiz borcunun və ödənilmiş 151 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət huququ üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 54B, 2 saylı mənzilə yönəlməsini, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasını və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və həmin əmlak satıldıqdan sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz ödəmək şərti il 10,000 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001/a saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX ******* qeydiyyat nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 54B, 2 saylı mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 115LN**********0001/c saylı, 22 may 2015-ci il tarixli Zamin müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödəniləsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdeh daşıyır. 115LN**********0001 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı Əlavə Razılığa əsasən, Kreditor tərəfindən Borcalana 368.73 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 180.15 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz kreditin qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8,898.12 ABŞ dolları təşkil etmişdir. 115LN**********0001 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə Razılığa əsasən Kreditor tərəfindən Borcalana 374.92 ABŞ dolları məbləğində kreditin restrukturizasiya edir və 227.38 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz krediti qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8,638 ABŞ dolları təşkil etmişdir. Bu əlavə razılığın şərtlərinə əsasən, Borc alan istifadə etdiyi kreditə görə Krediti illik 16.08 faiz ödəməlidir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan da göründüyü kimi 115LN**********0001 nömrəli Kredit müqaviləsi üzrə 10 iyun 2019-cu il tarixli 719.50 ABŞ dolları məbləğində sonuncu ödəmə olmuşdur. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********930 saylı xx.xx.2021-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını tələb etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2 həmin müqavilə üzrə üzərinə duşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilmiş təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlin pozulması Bank lisenziyasının ləğvinə əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa da, Bank öz fəaliyyətində həmin pul vəsaitdindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2020-ci il tarixə Cavabdeh2 kredit üzrə borcu 11,878 ABŞ dolları təşkil edir. Bundan 7,497 ABŞ dolları əsas, 1,639 ABŞ dolları faiz, 1,808 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü tarxli Plenum qərarına əsasən hesablanmış 934 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin izahatları: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyev əvvəli iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.. Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əsasında 10,000 ABŞ kredit götürmüşdir. Bu zaman tanışı Cavabdeh1 zamin olaraq birgə öhdəlik daşımağı üzərinə götürmüş, eyni zaman özünə məxsus mənzili ipoteka olaraq Bank qarşısında yüklü etmişdir. Bir müddət aylıq ödəməli olduğu ödənişləri vaxtında ödəsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və buna görə borc yaranmışdır. Bu səbəbdən Bank tərəfindən iki dəfə yaranmış borc restrukturizasiya edilmişdir. Buna baxmayaraq yenə də ödənişlər edə bilməmiş, borc yaranmışdır. Borcun olmasına baxmayaraq Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə bağlı Bank ona restrukturizasiya ilə bağlı hər hansı təklif etməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir, lakin səhhətində problemlər olduğundan o, iclasa gələ bilməmişdir. İddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı krediti müqaviləsindən müəyyən olunur ki, sonuncuya illik 36 ay müddətinə illik 24 faiz ödəmək şərti il 10,000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 115LN**********0001/a saylı, 22 may 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 özünə məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 54B, 2 saylı binada yerləşən qeyd edilən mənzili kredit müqaviləsinin təminatı olaraq Bank qarşısında yüklü etdirmişdir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 115LN**********0001/c saylı, 22 may 2015-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı krediti müqaviləsinə 1 nömrəli əlavə razılıqdan müəyyən olunur ki, Kreditor tərəfindən Borcalana 368.73 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 180.15 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz kreditin qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8,898.12 ABŞ dolları təşkil edir, ödəniş 22 may 2018-ci il tarixdən gec həyata keçirilməməlidir. 115LN**********0001 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 nömrəli əlavə razılıqdan müəyyən olunur ki, Kreditor tərəfindən Borcalana 374.92 ABŞ dolları məbləğində kreditin restrukturizasiya edir və 227.38 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz krediti qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8,638 ABŞ dolları təşkil edir, ödəniş 22 may 2018-ci il tarixdən gec həyata keçirilməməlidir. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 54B, 2 saylı mənzili 22 may 2015-ci il tarixdən 22 may 2018-ci il tarixədək Bank qarşısında yüklü edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borc 7,497 ABŞ dolları, faiz borcu 1,639 ABŞ dolları təşkil edir, 1,808 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün 934 ABŞ dolları faiz hesablanmışdır. Hesabdan çıxarışdan müəyyən olunur ki, 21 fevral 2017-ci il tarixdən əsas borc üzrə gecikmələr başlamış, 22 may 2018-ci il tarixdə əsas borcu üzrə gecikmə artıq 6,790.21 ABŞ dolları təşkil etmiş, sonuncu ödəniş isə 10 avqust 2019-cu il tarixdə həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd olunur ki, Yevlax şəhəri Heydər Əliyev prospekti, 54B saylı evin 2 saylı mənzilinin bazar satış qiyməti 28,842 manat, likvid dəyəri 23,546 manat dəyərindədir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı krediti müqaviləsi əsasında sonuncuya 36 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 10,000 ABŞ kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə, sonuncu, özünə məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 54B saylı evin 2 saylı mənzilini kredit müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü etdirmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh2 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində Cavabdeh2 münasibətdə əsaslıdır, həmin məbləğ Cavabdeh2 tərəfindən də mübahisələndirilmədiyindən əsas borc ondan iddiaçı Bankın xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Belə ki, mövcud sübutlar əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə 21 fevral 2017-ci il tarixdən ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödənişlər ümumiyyətlə edilməmiş və bununla da həmin dövrlərdə artıq borc yaranmışdır. Buna baxmayaraq ona münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında nəzərdə tutulmuş müddəalar tətbiq edilməmişdir. Halbuki, cavabdeh ardıcıl olaraq öhdəliyi icra etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsi və borcun ödənilməsini tələb etməli idi. Lakin, müqavilə üzrə münasibətlər formal olaraq davam etdirilmiş, bu səbəbdən Fərmanın tələbləri cavabdehə münasibətdə tətbiq edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində rədd edilməlidir. Borcun cavabdeh olan zamindən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, əsas öhdəliyin icrası müddəti 22 may 2018-ci il tarixdə bitmişdir. İddiaçı isə 18 aprel 2022-ci il tarixdə həm borcalana, həm də zaminə qarşı tələbini irəli sürmüşdür ki, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti pozmuşdur. Mülki Məcəllənin 477.0.4. maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyündən, bununla da zaminliyə xitam verildiyindən iddia tələbi cavabdeh olan zamin Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Daha sonra qeyd olunmalıdır ki, Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələri, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən maddələrinin tələbləri baxımından yaranmış borc üzrə tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus daşınmaz əmlaka yönəlməli, mənzil satıldıqdan sonra o, fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədiyi halda, fərdi mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə, təqdim edilmiş mütəxəssis rəyi ilə əlaqədar belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən qiymət uyğundur və bu səbəbdən həmin likvid qiymət ilkin satış qiyməti kimi qəbul edilməlidir. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, bu, məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericilik əsasında həll olunan məsələ olduğundan qətnamənin nəticə hissəsində qeyd edilməsinə zərurət yoxdur. Ödənilmiş dövlət rüsumu təmin edilmiş məbləğə mütənasib olaraq Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Mütəxəssis rəyinin verilməsi üçün xərc Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 22 may 2015-ci il tarixli, 115.LN.2102.220515.00001 saylı kredit müqaviləsi üzrə 7,497 (yeddi min dörd yüz doxsan yeddi) ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 128 (bir yüz iyirmi səkkiz) manat 24 (iyirmi dörd) qəpik ödənilmiş dövlət rüsumu əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma, 22 may 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 54B saylı evin 2 saylı mənzilinə yönəldilməklə həmin mənzil açıq hərracda satılsın. İpoteka predmeti olan həmin mənzilin likvid dəyəri 23,546 (iyirmi üç min beş yüz qırx altı) manat müəyyən edilsin. İpoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra oranı 1 ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılsınlar. Qalan hissədə iddia təmin edilməsin. Mütəxəssis rəyinin xərci 150 (bir yüz əlli) manat Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar