Məhkəmə qərarları › İş №e-2(039)-1135/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1135/2025

03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1135/2025 03.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, X1 kаtibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı «X5 Azərbaycan» QSC-nin cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qаrşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı «X5 Azərbaycan» QSC Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 3903,23 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 2440,06 manat borcun və ödənilmiş dövlət rüsumu 44.4 manat iddiaçı “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X5 Azərbaycan» QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 iyul 2011-ci il tarixində «X5 Azərbaycan QSC ilə Cəfərov Yadigar Telman oğlu arasında 36597/01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bankımız tərəfindən Cəfərov Yadigar Telman oğluna 4500 AZN (dörd min beş yüz manat) məbləğində pul ayrılmışdır və o, 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona hesablanmış illik 20% (iyirmi) faiz olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Kreditin ayrılması və qaytarılması üçün cavabdehlər Cəfərov Yadigar Telman oğlu və Cavabdeh2 MMC qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşlər. 18 iyul 2011-ci il tarixində «X5 Azərbaycan QSC ilə Cəfərov Yadigar Telman oğlu arasında bağlanmış 36597/01 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə 2008-ci il buraxılış tarixli ** BB *** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LGXC16AF180109484 olan BYD F-3 markalı, qırmızı rəngli minik avtomobili "Bank"a girov qoyulmuşdur. “X5 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cəfərov Yadigar Telman oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X5 Azərbaycan» QSC-ə olan borclarını ödəməmişlər. Cavabdehlər üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 20 noyabr 2012-ci il tarixli 2(030)-464/2012 nömrəli qətnaməsi ilə (sədrlik edən Mirbahəddin Hüseynov) iddia tələbi təmin edilərək, cavabdehlər Cəfərov Yadigar Telman oğlundan və "xxxx" MMC-dən müştərək (birgə) qaydada 3469,85 manat əsas, 192,82 manat faiz və 218,73 manat cərimə borcu, habelə 2,19 manat poçt xidmət xərcləri və 20,0 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 3903 manat (üç min doqquz yüz üç manat 23 qəpik) məbləğində pul vəsaiti tutulub iddiaçı "X5 Azərbaycan " QSC-nə ödənilməsi, həmin ödənişin təmin edilməsi məqsədi ilə tutma ipoteka predmeti olan, cavabdeh Y,T.Cəfərova məxsus olan buraxılış ili 2008-ci il, mühərrik nömrəsi 4G155- 4D89E3390, şassi nömrəsi LGXC16AF180109484, qırmızı rəngli, "BYD F-3" markalı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, əldə edilmiş pul vəsaitinin hərracın keçirilməsi xərcləri çıxılandan sonra qalan məbləği borcun hesabına iddiaçı "X5 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi, avtomobilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, borcun qalan məbləği cavabdehlər Cəfərov Yadigar Telman oğlundan və "xxxx" MMC-nin başqa əmlakı və ya qazancı hesabına iddiaçı "X5 Azərbaycan " QSC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, cavabdehlərin 20 noyabr 2012-ci il tarixə əsas borc üzrə 3903,23 (üç min doqquz yüz üç manat 23 qəpik) manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər 20 noyabr 2012-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Cəfərov Yadigar Telman oğlu xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 94 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – arvadı – Cavabdeh1dır. O mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh1 rəhmətə getmiş Cəfərov Yadigar Telman oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cəfərov Yadigar Telman oğlunun vərəsəsi (ləri) Cavabdeh1 tərəfindən Bank ilə Cəfərov Yadigar Telman oğlu arasında imzalanmış müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımıca icra edilməmişdir kredit üzrə borc qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehlərə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 2440,06 manat hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla xx.xx.2012 tarixindən xx.xx.2025 tarixinə qədər – 2440,06 ₼ olmaqla ümumilikdə cəmi 2440,06 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlərdir. İddiaçı «X5 Azərbaycan» QSC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini qeyd edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə bildirişlərinin çatdırılması, eyni zamanda nümayəndəlik vasitəsilə də bildirişlərin çatdırılması mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat ofisinin 28 yanvar 2024-cü il tarixli, 94 nömrəli məktubunun surətindən və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Yadigar Telman oğlunun adına Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə 2V-43 reyestrdə ** CO *** dövlət nömrə nişanlı nəqiyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cəfərov Yadigar Telman oğlunun vərəsəsi arvadı ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1dır; AZ-İ № 743700 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Yadigar Telman oğlu 16 mart 2015-ci il tarixdə beyin qan damar pozulması səbəbi ilə vəfat etmişdir; AB 854495 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı, 20CO563 dövlət qeydiyyat nişanlı avtomobil Cəfərov Yadigar Telman oğlunun adına rəsmiləşdirilmişdir; AZ-İ 659572 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Yadigar Telman oğlu ilə X2 evlənmişlər və arvada Cəfərova soyadı verilmişdir; Borcun ödənilməsinə dair pretenziyadan görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə banka daymiş cəmi 2440,06 manat məbləğində maddi zərərin 3 gün müddəti ərzində təmin edilməsi barədə xəbərdarlıq edilmişdir; Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(030)-464/2012 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cəfərov Yadigar Telman oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada kredit üzrə 3469.85 manat əsas, 192.82 manat faiz və 218.73 cərimə borcu, habelə 2.19 manat poçt xidməti xərcləri, və 20.0 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 3903.23 manat məbləğində pul vəsaiti tutulub iddiaçı “X5 Azərbaycan” QSC-yə ödənilməsi, həmin ödənişin təmin edilməsi məqsədilə ipoteka predmeti olan, cavabdeh Y.T.Cəfərova məxsus, buraxılış ili 2008-ci il, mühərrik nömrəsi 4G155-4D89E3390, şassi nömrəsi LGXC16AF180109484, qırmızı rəngli “BYD F-3” markalıminik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, əldə edilmiş pul vəsaitinin hərracın keçirilməsi xərcləri çıxılandan sonra qalan məbləği borcun hesabına iddiaçı “X5 Azərbaycan” QSC-yəödənilməsi, avtomobilin satışından əldə edilmiş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, borcun qalan məbləği cavabdehlər Cəfərov Yadigar Telman oğlu və Cavabdeh2 MMC-nin başqa əmlak və qazancı hesabına iddiaçı “X5 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-35-19/2- 90907/2025 saylı məktubundan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 464/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən (icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması) xx.xx.2025-ci il tarixdə məhkəməyə qaytarılmışdır; Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2011-ci il tarixli, 36597/01 saylı kredit müqaviləsinə əsasən bаnk bоrcаlаnа 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması üçün cavabdehlər Cəfərov Yadigar Telman oğlu və "xxxx" MMC qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşlər. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2011-ci il tarixli, 36597/01 saylı kredit müqaviləsinə əsasən ödəməli olduğu 2440.06 manat miqdarında borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-464/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə ödənişin təmin edilməsi məqsədilə ipoteka predmetinə də yönləndirmə mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş üzrə cavabdeh tərəfindən miras aktivinin həcmi, borcun mirasdan çox olması barədə hər hansı dəlil irəli sürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli, 36597/01 nömrəli müqavilə üzrə qalıq 2440.06 manat əsas borc cavabdehlərdən tutulmalıdır. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin еdilsin. Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı «X5 Azərbaycan» QSC-nin xeyrinə 2440.06 manat borc və ödənilmiş 44.4 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar