Məhkəmə qərarları › İş №e-2(039)-1218/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1218/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1218/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağayeva (Vəliyeva) Aydan Hafiz qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) cavabdeh Ağayeva (Vəliyeva) Aydan Hafiz qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayeva (Vəliyeva) Aydan Hafiz qızından Bankın xeyrinə xx.xx.2021-ci il tarixli, 316681-CNS-20387 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 633.16 manat məbləğində əsas borc, 91.31 manat faiz borcu, 64.30 manat cərimə borcu olmaqla, cəmi 788.77 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ağayeva (Vəliyeva) Aydan Hafiz qızı ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 316681-CNS-20387 saylı “nağd pul kredit müqaviləsinə” əsasən cavabdehə istehlak məqsədilə 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 1200 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Ağayeva (Vəliyeva) Aydan Hafiz qız üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticəsində cavabdehin ümumilikdə 787.77 manat məbləğində borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 316681-CNS-20387 saylı nağd pul kredit müqaviləsindən görünür ki, "xxxx" (Azərbaycan) ASC tərəfindən Ağayeva (Vəliyeva) Aydan Hafiz qızına illik faiz dərəcəsi 22 faiz olmaqla, 48 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. "xxxx" (Azərbaycan) ASC xx.xx.2024-cü il tarixə tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh Ağayeva (Vəliyeva) Aydan Hafiz qızının xx.xx.2021-ci il tarixli, 316681-CNS-20387 saylı kredit müqaviləsi üzrə 633.16 manat məbləğində əsas borc, 91.31 manat faiz borcu, 64.30 manat cərimə borcu olmaqla, cəmi 788.77 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 64.30 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini cavabdeh Ağayeva (Vəliyeva) Aydan Hafiz qızına vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin Banka 633.16 manat məbləğində əsas borc, 91.31 manat faiz borcu, 64.30 manat cərimə borcu olmaqla, cəmi 788.77 manat borcu ödənilməmiş qalmışdır. Odur ki, iddiaçı cavabdehə verdiyi kredit məbləğini ondan tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 633.16 manat məbləğində əsas borc, 91.31 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 729.47 manat məbləğində borc cavabdeh Ağayeva (Vəliyeva) Aydan Hafiz qızından "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Ağayeva (Vəliyeva) Aydan Hafiz qızından xx.xx.2021-ci il tarixli, 316681-CNS- 20387 saylı “nağd pul kredit müqaviləsi” üzrə ödənilməmiş 633.16 manat məbləğində əsas borc, 91.31 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 729.47 manat məbləğində borcu və ödənilmiş 30 manat rüsumu tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar