Məhkəmə qərarları › İş №e-2(039)-1234/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1234/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1234/2024 03.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC (bundan sonra mətndə Bank) Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 11630 manat əsas, 1287.42 manat faiz 96.40 manat cərimə borcu olmaqla, cəmi 13013.82 manat borcun və ödənilmiş 129.45 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illik 18% faiz ödəmək şərtilə 11630 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 12 mart 2024-cü il tarixinə 11630 manat əsas, 1287.42 manat faiz 96.40 manat cərimə borcu olmaqla, cəmi 13013.82 manat borcu yaranmışdır. Bankın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 89nkQUBA/23 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya illik 18% olmaqla 11630 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcu 11630 manat əsas, 1287.42 manat faiz 96.40 manat cərimə borcu olmaqla, cəmi 13013.82 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh banka olan 11630 manat əsas, 1287.42 manat faiz 96.4 manat cərimə borcu olmaqla, cəmi 13013.82 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 11630 manat məbləğində əsas borc, 1287.42 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 96.04 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 46.40 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən Bankın xeyrinə 11630 manat əsas, 1287.42 manat faiz 46.40 manat cərimə borcu olmaqla, cəmi 12963.82 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129.45 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11630 manat əsas, 1287.42 manat faiz, 46.40 manat cərimə borcu olmaqla, cəmi 12963 (on iki min doqquz yüz altmış üç) manat 82 (səksən iki) qəpik məbləğində borcu və 129 (yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik dövlət rüsumu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar