Məhkəmə qərarları › İş №e-2(039)-1360/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1360/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1360/2022 16.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 1,518.30 AZN əsas, 955.05 AZN faiz borcu, 2,287.94 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 221.34 AZN faiz borcu və iş üzrə ödənilmiş 69.83 AZN dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 may 2017-ci il tarixli 67918714 nömrəli Əlavə Sazişə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə verilmiş kredit öhdəliyinin qalığı 3,354.42 AZN məbləğində müəyyən edilmiş, müddəti xx.xx.2019-cu il tarixə qədər uzadılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də. o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4,982.63 AZN təşkil edir. Bundan 1,518.30 AZN əsas, 955.05 AZN faiz, 2,287.94 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 221.34 AZN faiz borcu təşkil edir. Bank, tərəflər arasında bağanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləi yerinə yetirməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Hikmət Həsənli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, kredit müqaviləsində qeyd edilən məbləği götürsə də, maddi çətinliklərlə bağlı ödənişi şərtləşdirilmiş məbləğdə və vaxtında edə bilməmişdir. Bu müddət ərzində az bir məbləğ ödəmişdir. Bu səbəbdən də borc yaranmışdır. İddiaçı əsassız olaraq həmin borca yüksək məbləğdə faiz borcu, cərimələr hesablanmışdır. İddianın qismən, yalnız əsas borc tələbi hissəsində təmin edilməsini xahiş etmişdir. Sübutlar: 67918714 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli, 30 may 2017-ci il tarixli əlavə sazişin surətindən müəyyən olunur ki, 67918714 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc, kreditin qalıq məbləği 3,354.42 AZN məbləğində müəyyən edilmiş, müddəti xx.xx.2019-cu il tarixədək razılaşdırılmışdır. Həmin əlavəyə ödəniş qrafikində hər ay ödənilməli məbləğ müəyyən edilmişdir. Hesabdan çıxarışdan müəyyən olunur ki, 67918714 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən 212.38 manat ödəniş edilmiş, növbəti aylar isə ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödənişlər edilməmişdir. Maliyyə arayışından müəyyən olunur ki, 67918714 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1,518.3 AZN əsas borc, 955.05 AZN faiz borcu, 213.36 AZN gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu yaranmış, 2,287.94 cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, 67918714 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli, 30 may 2017-ci il tarixli əlavə saziş əsasında Cavabdeh əvvəlki kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3,354.42 AZN məbləğində müəyyən edilmiş, müddəti xx.xx.2019-cu il tarixədək razılaşdırılmışdır. Həmin öhdəlik də Cavabdeh tərəfindən lazımınca icra edilməmiş və borc yaranmışdır. Bundan başqa qeyd olunmalıdır ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, borcalandan Bankın xeyrinə xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə 1,518.30 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Məhkəmə hesab edir ki, restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu, əldən çıxmış fayda və cərimə hissəsində rədd edilməlidir. Belə ki, mövcud sübutlar əsasında müəyyən edilir ki, 67918714 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən 212.38 manat ödəniş edilmiş, növbəti aylar isə ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödənişlər edilməmiş və bununla da həmin dövrlərdə artıq borc yaranmışdır. Buna baxmayaraq ona münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında nəzərdə tutulmuş müddəalar tətbiq edilməmişdir. Halbuki, cavabdeh iki dəfə ardıcıl olaraq öhdəliyi icra etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsi və borcun ödənilməsini tələb etməli idi. Lakin, müqavilə üzrə münasibətlər davam etdirilmiş, bununla da Fərmanın tələbləri cavabdehə münasibətdə tətbiq edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən təmin edilmiş məbləğə münasibətdə ödənilməli olan dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 67918714 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 01 nömrəli, 30 may 2017-ci il tarixli əlavə saziş üzrə 1,518.30 manat əsas borc, habelə 35.18 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,553 (bir min beş yüz əli üç) manat 48 (qırx səkkiz) qəpik ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar