Məhkəmə qərarları › İş №e-2(039)-1456/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1456/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1456/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh və Zamin qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 25 oktyabr 2019-cu il tarixli 146NFPK-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi borcu 4,742.75 manat, bundan 4,637.09 manat əsas, 105.60 manat faiz və 0.06 manat cərimə borcu və iş üzrə ödənilmiş 67.42 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 146NFPK-li kredit müqaviləsinə əsasən cavabdehə 2014-ci il tarixli 4719NF№-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4,643 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zaminla Bank arasında 25 oktyabr 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli,**********1034 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borc 4,742.75 manat təşkil edir. Bundan 4,637.09 manat əsas, 105.60 manat faiz və 0.06 manat cərimə borcu təşkil edir. Tərəflərin izahatlar: İddiaçı ASC-nin nümayəndəsi Şahmar Ağakişiyev iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 146NFPKli kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya, 2014-ci il tarixli 4719NF№-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4,643 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, Zamin həmin müqavilə üzrə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Maliyyə arayışı ilə təsdiq olunur ki, kredit müqaviləsi üzrə 4,637.09 manat əsas, 105.60 manat faiz borcu yaranmış, 0.06 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 146NFPK-li kredit müqaviləsi əsasında sonuncuya, 2014-ci il tarixli 4719NF№-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4,643 manat məbləğində kredit verilmi, eyni tarixli zaminlik müqaviləsi ilə cavabdeh Zamin həmin müqavilə üzrə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyindən tələb əsaslıdır, yaranmış borc üzrə cavabdehlər birgə məsuliyyət daşıyırlar. Qeyd edilən borcun düzgün hesablanmadığına dair sübutlar, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 25 oktyabr 2019-cu il tarixli 146NFPK nömrəli kredit müqaviləsi üzrə 4,637.09 manat əsas, 105.60 manat faiz borcu, 0.06 manat cərimə, habelə 67.42 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 4,810 (dörd min səkkiz yüz on) manat 17 (on yeddi) qəpik cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 146NFPK nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar