Məhkəmə qərarları › İş №e-2(039)-1479/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1479/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1479/2025 11.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia verərək, Cavabdeh 256 (iki yüz əlli altı) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli, 001078 nömrəli hissə-hissə ödəməli satış müqaviləsinə əsasən 440 manat dəyərində “Samsung Galaxy A 145” markalı telefon almış və aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 001078 saylı hissə-hissə ödəməli satış müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 440 manat dəyərində “Samsung Galaxy A 145” markalı telefon almış və aldığı əşyanın dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 206 manat əsas borcu, 50 manat cərimə, cəmi 256 (iki yüz əlli altı) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən bir müqavilə üzrə dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 206 manat əsas borc, 10 manat cərimə, cəmi 216 (iki yüz on altı) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar