Məhkəmə qərarları › İş №e-2(039)-1814/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1814/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1814/2023 11.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun” tutulmasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 6459.43 manat əsas borcun, 1950.54 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 68.18 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun, cəmi 8478.15 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 104.79 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik bank xidməti haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Bank ilə bağladığı xx.xx.2018-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsinə əsasən sonuncuya 52 ay müddətinə, kreditdən istifadəyə görə illik 23 faiz ödənilməsi şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında BPM**********12 nömrəli xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarımbəndinə əsasən borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini Bankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən onların üzərinə düşən öhdəliklər icra edilməmişdir. xx.xx.2023-cü il tarixinə borclunun kredit müqaviləsi üzrə 6459.43 manat əsas borcun, 1950.54 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 68.18 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun, cəmi 8478.15 manat məbləğində kredit borcu yaranmışdır. Bankın nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək, işə Bankın nümayəndəsinin iştirakı olmadan baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2018-ci il tarixli, BPM**********12 №li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 illik 23 faiz ödəmək şərti ilə 52 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixli, BPM**********12 №li zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə 6459.43 manat əsas borcun, 1950.54 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 68.18 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun, cəmi 8478.15 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 6459.43 manat əsas borcun, 1950.54 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 68.18 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun, cəmi 8478.15 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104.79 manat məbləğində pul, habelə 0,40 manat bank xidməti haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2018-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə 6459.43 manat əsas borcun, 1950.54 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 68.18 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun, cəmi 8478.15 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104.79 manat məbləğində pul və 0.40 qəpik bank xidmət haqqının əvəzinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar