Məhkəmə qərarları › İş №e-2(039)-1825/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1825/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1825/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 1819.24 manat əsas borc, 8.39 manat faiz borcu, 3.89 manat əldən çıxmış fayda, cəmi 1831.52 (bir min səkkiz yüz otuz bir manat əlli iki qəpik) manat kredit borcunun və 38.80 (otuz səkkiz manat səksən qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış və Cavabdeh2 zaminliyi ilə təmin edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cəmiyyət tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz olmaqla 3545.14 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh2 zaminliyi ilə təmin edilmiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz olmaqla 3545.14 manat məbləğində kredit verilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı təşkilat tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər öhdəliklərini yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı cəmiyyətə hazırkı borc yaranmışdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehlərdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1819.24 manat əsas borc, 8.39 manat faiz borcu, 3.89 manat əldən çıxmış fayda, cəmi 1831.52 (bir min səkkiz yüz otuz bir manat əlli iki qəpik) manat borc və 38.80 (otuz səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "İnkişaf üçün Maliyyə» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar