Məhkəmə qərarları › İş №e-2(039)-190/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-190/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-190/2025 10.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulmasına” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə kredit müqaviləsi üzrə 5878.79 manat məbləğində kredit borcu, 502.53 manat məbləğində faiz borcu və 154.37 manat cərimə borcu olmaqla, cəmi 6535 manat məbləğində borcun və ödənilmiş 85.36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq aylıq faiz dərəcəsi 1.75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. O, 15.05 .2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1121.21 manat ödəniş etmiş və оnun iddiaçıya 5878.79 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu kreditora dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 122 gün üçün hesablanmış faiz borcu 502.53 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 122 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 154.37 manat təşkil edir. İddiaçı Bankın nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Yevlax şəhəri, Füzuli küçəsi ev 28 saylı ünvanında qeydiyyatda olan Cavabdeh barədə məhkəmə bildirişini göstərilən ünvanda yaşamadığına görə ona çatdırmaq mümkün olmamışdır. Vətəndaşın hansı ünvanda yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 1.75% faiz dərəcəsi olmaqla 7000 manat məbləğində kredit götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa, Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2023cü il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh 5878.79 manat məbləğində əsas borcu, 502.53 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 154.37 manat cərimə (dəbbə) tətbiq edilmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 85.36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəliklər icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəliklər icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh xx.xx.2023-cü il tarixli “Kredit müqaviləlsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, banka olan borcu tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, cavabdeh F.Məmmədovun xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdeh, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında olan öhdəliklərin icra edilməməsi aşkardır. Öhdəliyin icra edilməməsini və “Kredit müqaviləsinin” şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixli “Kredit müqaviləsi” üzrə 154.37 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Bankın xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli “Kredit müqaviləsi” üzrə isə 154.37 manat məbləğində cərimə borcu azaldılmalı və 34.37 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, cavabdehdən Bankın xeyrinə xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi” üzrə tutulmalı olan əsas borc 5878.79 manat, faiz borcu 502.53 manat, cərimə borcu 34.37 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 84.15 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5878.79 manat, faiz borcu 502.53 manat, cərimə borcu 34.37 manat cərimə olmaqla, cəmi 6415.69 manat məbləğində borcu və 84.15 dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar