Məhkəmə qərarları › İş №e-2(039)-191/2025

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(039)-191/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-191/2025 25.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3373.86 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin–OBA Yevlax 12 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6561.65 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3373.86 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3373.86 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 248 saylı əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən invertarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbbi itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunsun. İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftif yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 6561.65 manat çatışmazlıq müəyyən edilmişdir. çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladəğı üçün müvafiq güzəştlər edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3373.86 manat borcu qalmışdır. Beləliklə Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi 3373.86 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, MŞB/xx/xx-00498 saylı arayışdan məlum olur ki, İddiaçı MMC maddi ziyanın ödənilməsi ilə bağlı mediatora müraciət etmişdir. xx.xx.2013-cü il tarixli 157 x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiyanın nəticələrinə dair yekun aktdan görünür ki, “Oba- Yevlax 12” filialında xx.xx.2023-cü il tarixədək olan müddət üçün 6561 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur; Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2022-ci il tarixdən satıcı kassir vəzifəsində işə qəbul olunmuş, xx.xx.2023cü il tarixədək administrator vəzifələrində işləmiş və xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Maddi məsul şəxs olduğu dövrdə işlədiyi “Oba-Yevlax 12 mağazası” filialında xx.xx.2023-cü il tarixdə inventarizasiya yoxlaması aparılmış və 6561.65 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3373.86 manat borcu qalmışdır. Cavabdeh keçirilmiş inventarizasıyanın nəticələri ilə razılaşaraq yekun aktı imzalamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlımaddiməsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddiziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddiməsuliyyət daşıyır. Həmin məcəllənin 202-cimaddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-cimaddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iddia tələbinin mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə dair qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eyni zamanda Cavabdeh mediasiya üçün ödənilmiş 60 manat pul alınıb İddiaçı MMC-nə verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 3373.86 manat pulun alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 3373 (üç min üç yüz yetmiş üç) manat 86 (səksən altı) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar