Məhkəmə qərarları › İş №e-2(039)-1919/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1919/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1919/2022 05.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kreditin ona hesablanmış faiz borcunun qaytarılması” barədə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən birgə qaydada Bankın xeyrinə kredit müqaviləsi üzrə 4584,76 manat məbləğində kredit borcu, 474,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 5059,04 manat məbləğində borcun və ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 İddiaçı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 20000 manat məbləğində istehlak krediti verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. Bankın nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, pandemiya görə ziyan etmiş bununla bağlı ötən il bankın problemlər şöbəsinə çağırılmış, orada onun 3000 manat borcunun qaldığını bildirilmiş və banka olan borcundan 700 manat ödəniş etmiş, bank əməkdaşlarına qalıq borcunuda hər ay ödəyəcəyini bildirsə də, ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyinlərdən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2020-ci il tarixli, kredit müqavilədən görünür ki, Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, 24% faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli, zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 4584,76 manat məbləğində kredit borcu, 474,28 manat məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya ümumilikdə 5059.04 manat borcu ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 4584,76 manat məbləğində kredit borcu, 474,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 5059,04 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4584,76 manat məbləğində kredit borcu, 474,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 5059,04 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar