Məhkəmə qərarları › İş №e-2(039)-1979/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1979/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1979/2024 21.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X4» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə iddia verərək, Cavabdeh 1396.95 manat əsas borc, 16.14 manat faiz borcu, cəmi 1413.09 (bir min dörd yüz on üç manat doqquz qəpik) manat borcun, 34.14 (otuz dörd manat on dörd qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X2 xx.xx.2019-cu il tarixli, BPM**********03 №-li kredit müqaviləsinə 26 ay müddətinə, illik 20 % dərəcəsilə hesablanmaqla 2100 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan xx.xx.2020-ci il tarixində vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 3319 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2021ci il tarixli, 2V-560 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən borc alanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X1 Banka ödənilməmiş 1396.95 manat əsas borcu, 16.14 manat faiz borcu, cəmi 1413.09 (bir min dörd yüz on üç manat doqquz qəpik) manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı Bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, BPM**********03 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X2 26 ay müddətinə, illik 20 % dərəcəsilə hesablanmaqla 2100 manat məbləğdə kredit verilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəhindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 oktyabr 2020-ci ildə ölmüşdür. İşdə olan Gəncə regional “Asan xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 qanun üzrə vərəsəsi Cavabdehdır. İşdə olan bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 34.14 (otuz dörd manat on dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1396.95 manat əsas borc, 16.14 manat faiz borcu, cəmi 1413.09 (bir min dörd yüz on üç manat doqquz qəpik) manat borc, 34.14 (otuz dörd manat on dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq «X4» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar