Məhkəmə qərarları › İş №e-2(039)-225/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-225/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-225/2023 10.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bank Respublika” ASC-nin xeyrinə müştərək qaydada həmin kredit müqaviləsi üzrə 1583.71 manat əsas borc, 6.82 manat faiz və 6.65 manat cərimə borcu və ödənilmiş 35.98 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 1% faiz ödəmək şərti ilə aldığı 2347.46 manat kredit və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcalan və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği əsas borc üzrə 1583.71 manat, 6.82 manat faiz və 6.65 manat cərimə borcu təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-сu il tarixdə bağlanmış 028CASA********** saylı güzəştli kredit müqaviləsindən görünür ki, sonuncuya xx.xx.2024-cü ilədək qaytarmaq və illik 1% faiz ödəmək şərti ilə aldığı 2347.46 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-сu il tarixdə bağlanmış 028CASA********** №li güzəştli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-сu il tarixli 028FİZAM47952602 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2019-сu il tarixdə bağlanmış 028CASA********** №li güzəştli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-сu il tarixli 028FİZAM37363202 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022 il tarixə olan borcun məbləği əsas borc üzrə 1583.71 manat, 6.82 manat faiz və 6.65 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehlərin banka 1583.71 manat əsas, 6.82 manat faiz, 6.82 manat cərimə borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 35.98 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1583.71 manat əsas borc, 6.82 manat faiz və 6.65 manat cərimə borcu və 35.98 manat dövlət rüsumu müştərək qaydada xx.xx.1956-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi ev 117-də qeydiyyatda olan Cavabdeh1, xx.xx.1959-cu il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində doğulmuş, Bərdə şəhəri Nizami küçəsi ev 7, mənzil 4-də qeydiyyatda olan Cavabdeh3 və xx.xx.1983-cü il tarixdə Bərdə rayonu Güloğlular kəndində doğulmuş, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olan Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar