Məhkəmə qərarları › İş №e-2(039)-228/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-228/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-228/2023 30.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı ASC nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28160***-*******01 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 28160***-*******01 kredit müqaviləsi üzrə 8951,07 manat məbləğində əsas borc, 728,54 manat məbləğində faiz borcu 99,17 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9778.78 manat və ödənilmiş 117.79 manat məbləğində dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 28160***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixədək illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 28FİZAM107561904 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat, o, Cavabdeh2 28160***-*******01 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 16230***-*******01 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin 28160***-*******01 saylı xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə 8951.07 manat əsas kredit borcu, 728.54 manat kreditdən istifadəyə görə faiz borcu və 99.17 manat cərimə borcu olmaqla,cəmi 9778.78 manat borclu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax rayonu, Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan Cavabdeh2 adına olan məhkəmə bildirişi onun anası Yevlax rayonu, Malbinəsi kəndi sakini X2 çatdırıldı. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2021-ci il tarixli 28160***-*******01 №li kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin tərəfindən Cavabdeh2 illik 20 faiz dərəcəsi 10000 manat məbləğində kredit verilmişdir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Qeyd olunan kredit müqaviləsi üzrə borclu Mirismayıl Mirsəyab oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 28FİAZM107561904 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixli 28160***-*******01 saylı kredit razılaşması üzrə borcu- 8951.07 manat əsas kredit borcu, 728.54 manat kreditdən istifadəyə görə faiz borcu və 99.17 manat cərimə borcu olmaqla, cəmi 9778.78 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 Banka olan 8951.07 manat əsas kredit borcu, 728.54 manat kreditdən istifadəyə görə faiz borcu və 99.17 manat cərimə borcu olmaqla, cəmi 9778.78 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117.79 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28160***- *******01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli 28160***-*******01 saylı kredit müqaviləsi üzrə 8951.07 manat əsas kredit borcu, 728.54 manat kreditdən istifadəyə görə faiz borcu və 99.17 manat cərimə borcu olmaqla, cəmi 9778.78 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117.79 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar