Məhkəmə qərarları › İş №e-2(039)-2335/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2335/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2335/2024 18.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçının nümayənədəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 4350 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi pulun ondan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək, iddiaçı tərəfindən vəkilə ödənilən 300 manat pul vəsaitini məhkəmə məsrəfləri hesab etməklə həmin məbləğin də həmçinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu hərbçi dostu Şahid vasitəsi ilə tanımış, 2020-ci ildə ona müraciət edərək pul lazım olduğunu bildirmiş və o, da bu şəxsə 2020-ci ildən başlayaraq hissə-hissə olmaqla pullar vermiş və həmin pullar onun göndərdiyi kart hesablarına vurulmaqla Cavabdeh çatdırılmışdır. Nəticədə cavabdeh ondan ümumilikdə 4400 manat pul almış və bu puldan ona yalnız 2022-ci ilin mart ayının axırlarında 50 manat ödəniş etmiş və onun qalan borcu 4350 manat təşkil edir. Onun bu şəxsə borc pul verməyi aralarında olan Watsapp yazıları ilə də təsdiq olunur. O, cavabdehlə sonradan bütün əlaqəni kəsdiyi üçün pulu tələb edə bilməmiş, belə cavabdeh əlaqə nömrəsini və ünvanını dəyişməklə onunla əlaqə saxlamamışdır. O, cavabdehin həmin pulu qaytarmaq fikrində olmadığını görüb ünvanına pretenziya məktubu göndərmiş və məktubu aldığı vaxtdan 10 gün ərzində pulu qaytarmasını istəmişdir. Lakin cavabdeh yenə də ondan aldığı pulları qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənədəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan borca pul almamış, ümumiyyətlə İddiaçı tanımır, iddiaçının sübut kimi qeyd etdiyi 050 426 12 16 və 070 326 12 16 saylı mobil nömrələr ona məxsusdur, həmin mobil nömrədən iddiaçı ilə hər hansı yazışması olmamışdır, həmin nömrələrdən yazılan mesajlardan xəbəri yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən hər iki telefon yalnız özünün istifadəsindədir, həmin mesajlar yazılan tarixdə hərbiçi kimi xidmətdə olmuşdur, yalnız həftə sonları evinə gəldikdə smart tipli telefonundan istifadə edir, mesajlardan xəbəri yoxdur, telefonlardan 070 326 12 16 saylı mobil nömrəsi olan smart telefondur ondan da yalnız həftə sonları evdə olarkən istifadə edir, xidmətdə olarkən isə smart telefonun istifadəsinə icazə verilmir. Özünə məxsus bank kartının hansı səbəbdən iddiaçıda olması ilə bağlı fikir bildirə bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli Watsapp yazışmalarından görünür ki, Cavabdeh məxsus 070 326-12-16 mobil nömrədən iddiaçıya məxsus telefon arasında olan yazışmalarda Cavabdeh İddiaçı borclu olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 64 manat pul ödəmişdir. Yevlax şəhər Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 70 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı tərəfindən milliön bankamat sistemi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ona göstərdiyi hüquqi yardımla əlaqədar olaraq 300 manat ödəniş edilmişdir. Bu barədə tərtib edilmiş elektron qəbz İddiaçı Yevlax şəhər Vəkil Bürosu ilə bağladığı müqaviləyə əlavə edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna ünvanlandığı elektron müraciətində N nömrəli hərbi hissənin bir neçə hərbi qulluqçusunun hərbi vəsiqəsini və talonlarını girov qoyaraq ondan müxtəlif məbləğdə pul götürdüklərini, lakin aldıqları pulu hal-hazırdək geri qaytarmadıqlarını bildirmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Cavabdeh və digərlərinin qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətləri üzrə 2020-ci ildən hazıradək Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılmamışdır. Vətəndaş E.R.Zalıyevin Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş müraciətləri baxılması üçün aidiyyati üzrə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ayrı ayrı vaxtlarda hissə hissə olmaqla 4400 manat borca pul almış, həmin borcdan cəmi 50 manatını qaytarsa da, cavabdehin iddiaçıya 4350 manat məbləğində borcu qalmışdır. Cavabdeh həmin məbləğdən məlumatı olmadığını və iddiaçını tanımadığını bildirsə də, iş materiallarında olan tərəflər arasında olmuş yazışmalar, sözügedən telefon nömrəsinin yalnız cavabdehin özünün istifadəsində olmasını cavabdehin bildirməsi və cavabdehə məxsus vaxtı keçmiş bank kartının iddiaçıda olması halı bunu inkar edir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh yazışmaların baş verdiyi tarixdə xidmətdə olması barədə dediyi də həmin xx.xx.2022-ci il tarixinin həftənin bazar gününə təsadüf etməsi ilə təkzib olunur. Nəzərə almaq lazımdır ki, cavabdeh öz ifadəsində smart tipli telefonunu yalnız həftə sonları istifadə etdiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4350 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63.60 manat məbləğində pul və vəkili xidmət haqqı kimi ödənilmiş 300 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat 60 (altmış) qəpik məbləğində pul və vəkili xidmət haqqı kimi ödənilmiş 300 manat pulu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar