Məhkəmə qərarları › İş №e-2(039)-2366/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2366/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2366/2025 05.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia bank tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 18,50 % ödəmək şərtilə 7300 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü iltarixində ərizə (aksept) imzalamaqla "xxxx"KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2023-cü iltarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 4.1.6.-ci bəndinə əsasən Bank, Müştərinin maliyyə vəziyyətini yenidən araşdıra və nəticədə Müştəriyə ayrılmış kredit xətti limitinin saxlanılması, artırılması, azaldılması və ya ləğv edilməsini həyata keçirə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 8 avqust 2025, tarixinə "xxxx" KB ASC-yə 6830,8 manat əsas, 583,58 manat faiz, 44,7 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7459,08 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həlledilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, Cavabdeh «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6830,80 manat əsas borcu, 583,58 manat faiz borcu, 44,70 manat cərimə, cəmi 7459,08 (yeddi min dörd yüz əlli doqquz manat səkkiz qəpik) manat borcun və 95 (doxsan beş) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddanın etirafına dair yazılı izahat verərək iddianı tam etiraf etdiyini bildirmiş və işə onun iştirak olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh həmin ərizəni imzalamaqla «X2» Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış olduğunu, onun şərtləri ilə razı olduğunu təsdiq etmiş və iddiaçı bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 18.5 faiz ödəmək şərti ilə 7300 manat məbləğində kredit verilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 6830,80 manat əsas borcu, 583.58 manat faiz borcu, 44.70 manat cərimə, cəmi 7459.08 (yeddi min dörd yüz əlli doqquz manat səkkiz qəpik) manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6830.80 manat əsas borc, 583.58 manat faiz borcu, 44.70 manat cərimə, cəmi 7459.08 (yeddi min dörd yüz əlli doqquz manat səkkiz qəpik) manat borc, 94.60 (doxsan dörd manat altmış qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar