Məhkəmə qərarları › İş №e-2(039)-2381/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2381/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2381/2025 30.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclası zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15362.85 manat əsas borc, 1524.02 manat faiz borcu, cəmi 16886.87 (on altı min səkkiz yüz səksən altı manat səksən yeddi qəpik) manat borcun və 140.66 (bir yüz qırx manat altmış altı qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 22.5 faiz olmaqla 16000 (on altı min) manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə 15362.85 manat əsas borc, 1524.02 manat faiz borcu, cəmi 16886.87 (on altı min səkkiz yüz səksən altı manat səksən yeddi qəpik) manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcun ödənilməsini təmin etməmişdirlər. Buna görə də, iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 16 000 (on altı min) manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə 3-4 ay ödəniş etmişdir. Ailə problemləri ilə əlaqədar sonradan ödəniş etməsi mümkün olmamışdır. Hesab edir ki, faiz borcu artıq hesablanmışdır. İddianı əsas borc hissəsində etiraf etsə də, qalan hissədə etiraf etmir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 600809-509345/1 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 22.5 faiz olmaqla 16 000 (on altı min) manat məbləğində kredit verilmişdir. İşdə olan kredit müqaviləsi üzrə ödəniş cəvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək hər ay 508.45 manat, sonuncu ay isə 508.49 manat ödəməklə aldığı krediti ona hesablanmış faizi ilə birlikdə iddiaçı banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı banka 15362.85 manat əsas borc, 1524.02 manat faiz borcu, cəmi 16886.87 (on altı min səkkiz yüz səksən altı manat səksən yeddi qəpik) manat borcu vardır. İşdə olan xəbərdarlıqlardan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı bank tərəfindən 140.66 (bir yüz qırx manat altmış altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 18 dekabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 22.5 faiz olmaqla 16000 (on altı min) manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcun ödənilməsini təmin etməmişdir. Buna görə də, iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsinin xx.xx.2025-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. (həmin tarixli bildirişdən görünür ki, cavabdehin faiz borcu həmin tarixə 1309.75 manat təşkil edir.) Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2025-ci il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 15362.85 manat əsas borc, 1309.75 manat faiz borcu, cəmi 16672.60 (on altı min altı yüz yetmiş iki manat altmış qəpik) manat borcun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15362.85 manat əsas borc, 1309.75 manat faiz borcu, cəmi 16672.60 (on altı min altı yüz yetmiş iki manat altmış qəpik) manat borc və 140.02 (bir yüz qırx manat iki qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar