Məhkəmə qərarları › İş №e-2(039)-2433/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2433/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2433/2024 21.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9036.1 manat əsas borc, 1498.86 manat faiz borcu, 432.48 manat cərimə olmaqla, cəmi 10967.44 (on min doqquz yüz altmış yeddi manat qırx dörd qəpik) manat borcun və 122.9 (bir yüz iyirmi iki manat doxsan qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştiarkları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia bank tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 061A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə aylıq 1.833 faiz olmaqla 48 ay müddətində kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 963.9 manat ödəniş etmiş və onun iddiaçıya 9036.1 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu qaytarmadığı üçün xx.xx.2024cü il tarixə hesablanmış faiz borcu 1498.86 manat təşkil edir. Cavabdeh krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 263 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 432.48 manat təşkil edir. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 442, 448.1, 465.2, 467 və 501-ci mddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 22 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10 000 (on min) manat kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 317 manat, sonuncu ay isə 311.14 manat ödəməklə cəmi 15210.14 (on beş min iki yüz on manat on dörd qəpik) manat məbləğində vəsaiti İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 9036.1 manat əsas borc, 1498.86 manat faiz borcu, 432.48 manat cərimə olmaqla, cəmi 10967.44 (on min doqquz altmış yeddi manat qırx dörd qəpik) manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 061A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə aylıq 1.833 faiz olmaqla 48 ay müddətində kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nətcədə iddaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və kredit müqavləsi üzrə yaranmış borc ondan tutularaq iddiaçı Banka ödənilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 432.48 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9036.1 manat əsas borc, 1498.86 manat faiz borcu, 50 manat cərimə, cəmi 10 584.96 (on min beş yüz səksən dörd manat doxsan altı qəpik) manat borc və 122.9 (bir yüz iyirmi iki manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar