Məhkəmə qərarları › İş №e-2(039)-2466/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2466/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2466/2021 08.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 09.10.2015-ci il tarixli, 120.LN.2102.091015.00001 saylı kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1453 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 185 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1117 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 206 ABŞ dolları, cəmi isə 2961 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin- 80,73 manat məbləğində pulun cavabdehlərdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.10.2015-ci il tarixli, 120.LN.2102.091015.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 23% faizlə, 36 ay müddətinə 9400 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.01.2016-ci il tarixdə 120.LN.2102.091015.00001 saylı kredit müqaviləsinə əlavə razılıq №-1 bağlanaraq kreditin illik faiz dərəcəsi 15,41 faizə endirilmiş və bu razılaşmaya əlavə olunmuş 2 saylı əlavə qüvvəyə minmişdir. 21.01.2016-ci il tarixli 1 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 129,64 ABŞ dolları məbləğində kredit restrukzasiya edilmiş və 0,33 ABŞ dolları məbləği kapitallaşdırılmış və kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 8968,24 ABŞ dolları təşkil etmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 120.CL.091015.00001/b saylı, 09.10.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh3 kredit verilərkən Nəbiyeva Təbiət Valeh qızı ilə bank arasında 120.CL.091014.00001/c saylı, 09.10.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Hazırda cavabdehlərin 17.08.2021-ci il tarixə Banka ödənilməmiş 1453 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 185 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1117 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 206 ABŞ dolları, cəmi isə 2961 ABŞ dolları məbləğində borcu mövcuddur. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram göndərərək iştirakları olmadan işə baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 olduqları yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 09.10.2015-ci il tarixli, 120.LN.2102.091015.00001 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 23 faiz ödəmək şərti ilə 36 ay müddətinə 9400 ABŞ dolları məbləğində kredit verilmişdir. 09.10.2015-ci il tarixli, 120.LN.2102.091015.00001 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 09.10.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 09.10.2015ci il tarixli kredit müqaviləsi üzrə 1453 ABŞ dolları əsas, 185 ABŞ dolları faiz, 1117 ABŞ dolları cərimə və 206 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 2961 ABŞ dolları borcu var. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh3 banka olan 1453 ABŞ dolları əsas, 185 ABŞ dolları faiz, 1117 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış 206 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2961 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, Bank ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehlərin üzərinə düşür. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh3 Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməli, Banka olan borcu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan Cavabdeh3 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Yuxarıda qeyd edildiyi kimi, “Kredit müqaviləsi” üzrə cavabdehlərin 1453 ABŞ dolları əsas borcu, 185 ABŞ dolları faiz borcu, habelə 206 ABŞ dolları müqavilə bitdikdən sonra hesablanmış faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı Bank yuxarıda qeyd edilən məbləğlərin Cavabdeh3 öz xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Tələb həmin hissədə əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, iddia müzakirə olunan hissədə qismən təmin edilməli, cavabdeh tərəfə hesablanan 1117 ABŞ dolları məbləğində cərimə borcu azaldılmalı və 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Digər cavabdehlər-zamin Cavabdeh1 və zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında 09.10.2015-ci il tarixdə bağlanmış zaminlik müqavilələrində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqavillələrinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, həmin müqavilələr, borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 09.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 09.10.2018-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,61 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh3 iddiaçının xeyrinə, dövlət rüsumun kəsir hissəsi olan 20,72 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1453 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 185 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 100 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 206 ABŞ dolları, cəmi 1944(min doqquz yüz qırx dörd) ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 49,61 manat məbləğində pul Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə, dövlət rüsumunun kəsiri olan 20,72 manat pul dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar