Məhkəmə qərarları › İş №e-2(039)-265/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-265/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-265/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən və İddiaçı2 mülkiyyətində və İddiaçı1 idarə etməsində olan Mercedes Benz C220 CDİ markalı ** GN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş, təmir işlərinin dəyəri 2175 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri isə 6400 manat, təzə materialların dəyəri (rənglənmə ilə bağlı) 450 manat, cəmi 9025 manat məbləğində zərərin 5000 mamat sığorta təşkilatı tərəfindən ödənilən məbləğ çıxıldıqdan sonra qalan hissəsi olan 4025 manat zərərin, 1000 manat əldən çıxmış faydanın, vəkilə hüquqi xidmət üçün ödənilən 130 manatın, 48.96 manat mütəxəssiz rəyinə ödənilən pulun və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 16 manat, vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mercedes Benz C220 CDİ markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona İddiaçı2 məxsus olmuş, sonuncu mülkiyyətində olan həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında oğlu İddiaçı1 xx.xx.2030-cu il tarixədək etibarnamə əsasında etibar edilmişdir. O, heç bir yerdə işləmir, İddiaçı1 isə ona məxsus Mercedes Benz C 220 CDİ markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Pərviz evlidir, himayəsində iki azyaşlı övladı vardır. 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobilin iştirakı ilə Mingəçevir şəhər Naxçıvan küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobil ilə Mingəçevir şəhər Naxçıvan küçəsi ilə üzü Az Dres qəsəbəsi istiqamətində hərəkətdə idi. Atomobildə həmin vaxt tək idi. Həmin gün və ümumiyyətlə talasemiyya xəstəliyi olduğuma görə ümumiyyətlə spirtli içki qəbul etmir. Avtomobili üzü Az Dres qəsəbəsi istiqamətində saatda təxminən 30-40 km/saat surətlə idarə etmiş və təhlükəsizlik kəmərini bağlamışdır. Naxçıvan küçəsində dəmiryolu xətti üzərindən keçən körpü ilə hərəkətdə olarkən qarşıdan 7 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobus yaxınlaşarkən ani olaraq qırmızı rəngli Opel markalı avtomobil avtobusu ilk olaraq ötmək istəmiş, daha sonra isə geri öz hərəkət yoluna qayıtmağa cəhd etmiş, bu zaman yolun ən sağ hissəsinə avtomobili çəkərək tormozlama etmədən hərəkətə davam etmişdir. Sözügedən Opel avtomobili isə ötmə əməliyyatından geri qayıtmağa cəhd etdikdə idarə etməni itirərək yolun qarşı hərəkət zolağına hərəkətdə olduğu hissəyə keçmiş və onun avtomobili ilə toqquşmuşdur. Toqquşma zamanı idarə etdiyi avtomobil sağ yanı üstə yolun səki hissəsinə çıxmış vəziyyətdə beli üstə aşaraq dayanmış, həmin vaxtdan sonra nə baş verməsini xatırlamamış, daha sonra xəstəxanada özünə gəlmişdir. Hər ay orta hesabla 500 manat qazanc əldə edir. Cavabdehlərin təqsiri ucbatından aylıq 500 manat qazancılarından, iki ay ərzində 1000 manat fayda əldən çıxmışdır. Dəfələrlə müraciət edib, avtomobilə dəymiş zinyanın ödənilməsini tələb etsə də müxtəlif bəhanələrlə dəymiş zinyanı ödənilməmişdir. Hadisə nəticəsində xəsarət alanlar da olmuşdur. Hadisə ilə bağlı Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsində araşdırma aparılmış, 01 noyabr 2022-ci il tarixli qərarla Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı2 mülkiyyətində, İddiaçı1 idarə etməsində olan Mercedes Benz C 220 CDİ markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smetanı (haqqı-hesab) məhkəməyə təqdim edir. Təmir işlərinin dəyəri 2175 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri isə 6400 manat, təzə materialların dəyəri (rənglənmə ilə bağlı) 450 manat, cəmi 9025 manat qiymətləndirilmişdir. Sığorta hadisəsi baş verəndən sonra sığorta şirkəti tərəfindən ödəniləcək sığorta risqi 5000 manat ödənməlidir, hələki, ödənilməmişdir. Sığorta təşkilatı tərəfindən ödənilməli 5000 manat məbləği cavabdehlərdən hələ ki, tələb etmir. Sığorta təşkilatı həmin məbləği ödəyəcəkdir. Halhazırda cavabdehlərdən avtomobilə dəymiş ziyanın 4025 manatını tələb edir. Dəymiş ziyanı cavabdehlər ödəmiş olsa idi, əlavə olaraq vəkilin hüquqi xidmətinə, digər xərcləri çəkməzdi. Məhkəməyə iddia ərizəsi verərkən 130 manat vəkil üçün hüquqi xidmətə, 48.96 manat mütəxəssiz rəyinə, sənədlərin notarial təsdiqinə 16 manat, vəkilə verilən etibarnamə üçün 17.25 manat pul ödəmişdir. Bundan başqa nəzərə alsaq ki, hər aya taksi fəaliyyəti ilə məşğul olmaqla minimum olaraq qazancı 500 manat təşkil edir, cavabdehlərdən 2 ay boş dayanmaya görə hər ay üçün minimum həddə 500 manat, cəmi 1000 əldən çıxmış faydanın əvəzini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddiaçıya vurulmuş ziyandan maddi imkanı olmadığı üçün heçnə ödəyə bilməyəcəyini və iddianın rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, hazırda maddi imkanı olmadığı üçün iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Mingəçevir şəhər polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi Pərvin Ağayevin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edişin. Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan və Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 336.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan onların barəsində inzibati qaydada tərdbir görülməsi üçün qərarın surəti şöbənin DYPB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanılmasının rədd olunması barədə Mingəçevir şəhər polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi Pərvin Ağayevin xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini barədə xx.xx.2022-ci il tarixli 752 nömrəli sərxoşluğun müəyinə protkoluna əsasən Cavabdeh1 həmin tarixdə Yüngül cərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin başlanılmasının rədd olunması barədə Mingəçevir şəhər polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi Pərvin Ağayevin xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini barədə xx.xx.2022-ci il tarixli 753 nömrəli sərxoşluğun müəyinə protkoluna əsasən Cavabdeh2 həmin tarixdə Yüngül cərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı-hesab) tərəfindən verilmiş xərclər siyahısından görünür ki, “Mercedes Benz” C CDİ 220 markalı avtomobilin təmir işlərinin dəyəri 2175 manat, nəqliyyat vasitələrinin təzə hissələrinin, detallarının ləvazimatlarının dəyəri 6400 manat və təzə materialların dəyəri 450 manat dəyərindədir. Avtomobilin təmiri xərcləri cəmi 9025 manat təşkil edir. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı2 tərəfindən ona məxsus olan “Mercedes Benz C 220 CDİ” minik markalı, ** GN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında idarə etmək üçün 8 il 7 ay 10 gün müddətinə İddiaçı1 vermişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/936 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan nəqliyyat vasitələrinin təmirinə dair smeta tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Mercedes Benz C 220 CDİ” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8010 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, X1 vəkili Vəkil hesabına 130 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, 146 saylı məktbundan görünür ki, İddiaçı1 taksi minik avtomobili ilə sərnişin daşınmasının həyata keçirilməsi üçün ciddi hesabat blankı olan fərqlənmə nişanı alan daşıyıcı qismində Yevlax regional idarəsində qeydiyyata alınmamışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 həqiqətən də ünvan 1 ünvanında yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Naxçıvan küçəsinin dəmiryol xətti üzərindən keçən hissəsində Mingəçevir şəhər Naxçıvan küçəsi ev 40 mənzil 67-də yaşayan İddiaçı1 idarə etdiyi Mercedes Benz C 220 markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayon Salahlı kəndində yaşayan Cavabdeh1 idarə etdiyi “Opel astra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması baş vermiş, Mercedes Benz C220 CDİ markalı ** GN *** dövlət qeydiyyat nişanlı minik avtomobil İddiaçı2 mülkiyyətində olmaqla oğlu İddiaçı1 qanuni istifadəsində olmuş, “Opel astra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil isə Göyçay rayon Ərəbbəbirli kənd sakini X5 məxsus olsa da baş etibarnamə əsasında həmkəndlisi cavabdeh X3 etibar edilmiş, hadisə baş verən zaman isə sözügedən avtomobili digər Cavabdeh1 idarə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehlərin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı2 mülkiyyətində olmaqla oğlu İddiaçı1 qanuni istifadəsində olmuş Mercedes Benz C220 CDİ markalı ** GN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümümilikdə 8010 (səkkiz min on) manat dəyərində (dəyişilməli hissələrin qiyməti 5910 manat, təmir-bərpa işlərinin qiyməti 2100 manat olmaqla) zərər dəymiş, həmin məbləğin 5000 manatı isə müvafiq sığorta şirkəti tərəfindən iddiaçılara ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar sözügedən hadisə nəticəsində onlara 1000 manat məbləğində maddi ziyan dəydiyini-yəni əldən çıxmış faydanın olduğunu iddia etsələr də bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Beləki, İddiaçı1 sözügedən avtomobillə taksi fəaliyyəti ilə məşul olduğu bildirilsə də, məhkəmənin müvafiq sorğusuna cavabda onun taksi minik avtomobili ilə sərnişin daşınmasının həyata keçirilməsi üçün ciddi hesabat blankı olan fərqlənmə nişanı alan daşıyıcı qismində Yevlax regional idarəsində qeydiyyata alınmadığı məlum olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-ci maddəsinə əsasən Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2 və Cavabdeh2 Elçin oğlundan müştərək qaydada iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə 3010 manat məbləğində pul, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 130 manat pul, 48.16 manat mütəxəssiz rəyinə ödədiyi pulun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 16 manat pul və vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50.10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Vurulmuş zərərin əvəzi olaraq 3010 manat məbləğində pulun, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 130 manat pul, 48.16 manat mütəxəssiz rəyinə ödədiyi pulun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 16 manat pul və vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50.10 manat məbləğində pul cavabdehlər X2 və Cavabdeh2 Elçin oğlundan müştərək qaydada alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdehlər X2 və Cavabdeh2 Elçin oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar