Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2742/2025 23.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı "xxxx" X10 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X10 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc məbləğinin vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X10 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc məbləğinin vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı (bundan sonra ”Bank” adlandırılacaq) ilə X8 (Borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli DKM/006N05A03448624№ -li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 12 (on iki) ay müddətinə, illik 12% (on iki faiz) ödənilməsi şərtilə 1200 (min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh V.N.Əliyev hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Borc alan V.N.Əliyev xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsi ödənilməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə V.N.Əliyevin Kreditor qarşısında gecikdirilmiş borcu 1023,86 (min iyirmi üç manat 86 qəpik) manat təşkil edir ki, bunun da 1010,22 (min on manat 22 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 13,64 (on üç manat 64 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə və borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % (beş faiz) dərəcəsi ilə penya da ödəməli idi. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2024cü il tarixdən Borc alanın xeyrinə dayandırılmışdır. V.N.Əliyevin vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi, Borc alan V.N.Əliyev xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bu hal Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 443872 nömrəli Ölüm haqqında Şəhadətnamə ilə təsdiq edilir. Borc alan V.N.Əliyevin vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra tərəfimizdən mərhumun mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqana rəsmi sorğu edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Yevlax rayon 1 saylı Notariat ofisi tərəfindən bildirilmişdir ki, mərhum X5 adına Yevlax rayon 1 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə 8V-157 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır və onun əsasında vərəsəsi olan arvadı - Cavabdeh xx.xx.2025-ci il tarixdə 2V-280 saylı reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, mərhumdan qalan miras onun vərəsələri tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında əks olunmuş mövqeyə görə ,„...borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar”. Həmçinin həmin qərarda qeyd edilir ki, “borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında əks olunmuş mövqeyə görə “Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar”. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2025-ci il tarixli, YLX-XO-6.10.2025-001 №-li Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan V.N.Əliyev arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İddiaçı bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci, 1151-ci, 1243-cü və 1306-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarlarına, xx.xx.2024-cü il tarixli DKM/006N05A03448624 №-li Kredit müqaviləsinin 2.3-cü və 4.1-ci bəndlərinə və 3.1.3-cü yarımbəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115ci maddəsinə əsasən mərhum X5 mirası Cavabdeh tərəfindən qəbul edildiyi üçün xx.xx.2024-cü il tarixli DKM/006N05A03448624 №-li Kredit müqaviləsi üzrə borc alan X5 iddiaçı ASC "xxxx" Bankı qarşısında 1010,22 (min on manat 22 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 13,64 (on üç manat 64 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 1023,86 (min iyirmi üç manat 86 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına, iddia ərizəsinin verilməsinə görə 30,24 (otuz manat 24 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X10 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiann təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb heab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" X10 Cəmiyyəti ilə X8 arasından bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/006N05A03448624 saylı kredit müqaviləsindən görünür ki, iddaçı bank tərəfindən X6 12 ay müddətinə illik 12 faiz olmaqla 1200 manat məbləğində kredit verilmişdir. İşdə olan Bərdə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 avqust 2024-cü ildə ölmüşdür. İşdə olan «Elektron notariat» X1 çıxarışlardan görünür ki, Cavabdeh 12 avqust 2024-cü ildə ölmüş X4 miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmışdır (miras əmlak 20 000 manat pul vəsaitindən ibarətdir). İşdə olan bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi X5 qanun üzrə vərəsəsi Cavabdeh tələb edilmiş, əks təqdirdə qanunlara müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30.24 (otuz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, "xxxx" X10 Cəmiyyəti ilə X8 arasından bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/006N05A03448624 saylı kredit müqaviləsinə əsasən iddaçı bank tərəfindən X6 12 ay müddətinə illik 12 faiz olmaqla 1200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan X8 12 avqust 2024-cü il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlikləri iddiaçı bank qarşısında yerinə yetirilməmiş qalmışdır. Nəticədə kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. X2 miras qalmış əmlaka Cavabdeh qanun üzrə vərəsə tanınmışdır. İddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Cavabdeh tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 miras qalmış əmlaka Cavabdeh qanun üzrə vərəsə tanınmış və bununla bağlı həmin vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında əks olunmuş mövqeyə görə ,„...borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar”. Həmçinin həmin qərarda qeyd edilir ki, “borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında əks olunmuş mövqeyə görə “Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar”. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1010.22 manat əsas borc, 13.64 manat faiz borcu, 17 oktyabr 2025-ci il tarixdən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) 23 yanvar 2026-cı il tarixədək (qətnamənin qəbul edildiyi tarixədək) əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanmış (əsas borc 1010.22 x 12% / 360 (gün) =0.336 manat (1 günə hesablanmış məbləğ), xx.xx.2025-ci il tarixdən 23 yanvar 2026-cı il tarixədək 96 (gün) x 0.336=32.33 manat) 32.33 manat faiz borcunun, cəmi 1056.19 (bir min əlli altı manat on doqquz qəpik) manat borcun tutularaq iddiaçı banka ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1010.22 manat əsas borc, 13.64 manat faiz borcu, 17 oktyabr 2025-ci il tarixdən 23 yanvar 2026-cı il tarixədək illik 12 faiz dərəcəsi ilə hesablanmış 32.33 manat faiz borcu, cəmi 1056.19 (bir min əlli altı manat on doqquz qəpik) manat borc və 30.24 (otuz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X10 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-2742/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2742/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver