Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-693/2025 15.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştiarkları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia bank tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faiz olmaqla 17500 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyini yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1, 442, 448, 428.4, 501, 449.4 və 465.2-ci maddələrinə istinad edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15285.12 manat əsas borc, 2217.79 manat faiz borcu, 436.59 manat cərimə borcu, cəmi 17939.5 (on yeddi min doqquz yüz otuz doqquz manat əlli qəpik) manat borcun və 145 (bir yüz qırx beş) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 23 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 17500 (on yeddi min beş yüz) manat kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 560.90 manat, sonuncu ay isə 574.47 manat ödəməklə cəmi 26936.77 (iyirmi altı min doqquz yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 15285.12 manat əsas borc, 2217.79 manat faiz borcu, 436.59 manat cərimə borcu, cəmi 17939.5 (on yeddi min doqquz yüz otuz doqquz manat əlli qəpik) manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faiz olmaqla 17500 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 560.90 manat, sonuncu ay isə 574.47 manat ödəməklə cəmi 26936.77 (iyirmi altı min doqquz yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 436.59 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15285.12 manat əsas borc, 2217.79 manat faiz borcu, 50 manat cərimə, cəmi 17552.91 (on yeddi min beş yüz əlli iki manat doxsan bir qəpik) manat borc və 145 (bir yüz qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-693/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-693/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver