Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-723/2025 09.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Kamil qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair işə 09 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Kamil qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Kamil qızından və Cavabdeh2 5000 manat borc məbləğinin və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilənlərə əsasən, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. Uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. O, kolkoz bazarında ərzaq məhsullarının satışı ilə məşğuldur. O, cavabdehləri də müştəri kimi tanımışdır. İlk vaxtlar Ulduz və Alşan ondan nisyə mal alıb, satıb, söz verdiyi vaxtda pulu ödəmişlər. Belə ki, onlar ondan pul qazanır, o isə az olsa da onlardan mənfəət götürürmüşdür. Ondan hesablamalara görə 4000 manat məbləğində ərzaq məhsullarının qısa müddətə onlara nisyə verməsini xahiş etmişlər. Onlara bildirmişdir ki, o və oğlunun işlətdiyi obyektdə olan ərzaq məhsullarının maya dəyərində ərzaq məhsullarının verilməsinə 4000 manat kifayət etmir. Cavabdehlər ondan xahiş etmişlər ki, onların banka kredit borcları olduğu üçün adları problemli müştəri kimi siyahıya düşmüşdür. Ona görə də onlara kredit vermirlər. Ondan və oğlumdan xahiş etmişlər ki, bankdan kredit götürsünlər, onlara ərzaq məhsulları versinlər, banka olan kredit borcu və faizini də ödəsinlər. Etibarlarını qazandığı üçün həm də onların maddi imkanının aşağı olmasını nəzərə alıb, onlara veriləcək ərzaq məhsullarının yerini doldurmak üçün oğlu Ruslanın adına bankdan 5000 manat kredit götürmüşlər. Cavabdehlər ondan 4000 manatlıq ərzaq məhsulları nisyə almışlar. Razılaşdıqları müddət çatanda cavabdehlər müəyyən bahanələrlə borclarını ödəməkdən yayınmağa başlamışlar. Dəfələrlə Zəng etmələrinə baxmayaraq hər dəfə gəlib üzbəüz görüşəcəklərinə və borclarından xeyli hissəsini ödəyəcəklərinə söz vermişlər. Bundan da başqa bazarda tanıdığı şəxslərdən cavabdehlər onun zəmanəti əsasında nisyə 1000 manatlıq ərzaq məhsulları götürmüşlər. Həmin şəxslərə olan borclarını ödəyə bilmədikləri və həmin şəxslərə cavabdehələr əvəzindən zamin durduğu üçün məcbur olub, 1000 manatı o özü ödəməli olmuşdur. Cavabdehlər hər ikisi onun işlətdiyi mağazaya gəlmişlər. Bunların danışıqlarını oğlu Ruslan mobil telefon vasitəsilə qeydə almışdır. Dəfələrlə əlaqə saxlayıb, borclarını ödəməkdə tələb etsə də maddi imkanlarının olmamasını bəhanə gətirib, borclarını ödəməmişlər. O da məcbur olub Polis şöbəsinə onlardan şikayət etmişdir. Polis şöbəsində isə onlar borclarını hissə-hissə ödədiklərini, guya ki, onların borcları qalmadıqlarını bildirmişlər. Polis şöbəsində mübahisənin mülki xarakterli olmasını bildirərək, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar vermişlər. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 Kamil qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair dəqiqləşdirmə ərizəsindən görünür ki, cavabdehlərdən 3000 manat tələb edir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlərə inandığından oğlu bankdan kredit götürüb sonunculara ərzaq vermişdir. Hazırda həmin pulu qaytarmırlar. Bu borc üzrə ona 200 manat ödəniş etmişlər. Cavabdehlərin maddi durumlarını nəzərə alıb iddia həcmini azaltmış və 3000 manat pul tələb etmişdir. Cavabdeh2 izah etdi ki, iddianı anası ilə birlikdə qəbul edirlər. Borclarını hər ay 50- 60 manat olmaqla ödəniş edə biləcəklərini göstərərək müvafiq ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh1 Kamil qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 fevral 2025-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 70 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh1 Kamil qızının və Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul olunmuş qərarın surəti İddiaçı göndərilməklə, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək, habelə pul tələbi ilə bağlı məsələ mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olması ona izah edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən videogörüntüdən (diskdən) məlum olur ki, cavabdehlər borclu olduğunu bildirərək, borclarını hər ay hissəhissə olmaqla 150-200 manat ödəniş edəcəklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən, Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə iş materiallarından məlum olur ki, iddiaçı cavabdehlərə 3000 manatlıq nisyə ərzaq vermişdir. Cavabdehlər borcu ödəməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Kamil qızından və Cavabdeh2 3000 manat pul və 70 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Kamil qızından və Cavabdeh2 3000 manat pul və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-723/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-723/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver