Məhkəmə qərarları › İş №e-2(039)-783/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-783/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-783/2024 09.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ona və avtomobilinə dəymiş maddi zərərin cavabdehdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ona və avtomobilinə dəymiş maddi zərərin (460+606+30+110+50) 1256 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus olan “99UR829” dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı minik avtomobilini Cavabdeh 6 aylıq müqavilə ilə icarəyə vermişdir. Gündəlik 23 manat ödənişlə və ödənişlər həmin gün saat 23:59-dək ödənilməlidir. Müqavilədə qeyd olunmuşdur ki, avtomobil yalnız Bakı şəhəri daxilində sürülmək üçün verilir, amma həmin şəxs sonradan ondan icazə almadan avtomobili Gəncə şəhərinə aparmış və orada idərə etməyə başlamışdır. Eyni zamanda ödənişləridə vaxtınıda ödəməmiş, hər dəfə ödəniş barədə soruşanda cavabdeh sabah əmək haqqını alacağını və bütün borclarını ödəyəcəyini demişdir. Ümumilikdə avtomobil 44 gün həmin şəxsdə qalmışdır. 07.12.23 tarixində 23 manat, 08.12.23 tarixində 110 manat, 14.12.23 tarixində 80 manat, 21.12.23 tarixində 60 manat, 25.12.23. tarixində 104 manat, 26.12.23 tarixində 43 manat, 28.12.23 tarixində 50 manat, 30.12.23 tarixində 62 manat, 08.01.24 tarixində 74 manat olmaqla cavabdeh ümumilikdə ona 606 manat pul vermişdir, halbuki bu məbləğ (44*23=1012) 1012 manat pul olmalı idi. Əlavə olaraq Cavabdeh yol hərəkətini pozduğu üçün 08.12.23 tarixində 50 manat, 08.12.23 tarixində 10 manat, 09.12.23 tarixində 200 manat, 17.12.23 tarixində 10 manat, 18.12.23 tarixində 50 manat, 21.12.23 tarixində 10 manat, 26.12.23 tarixində 10 manat, 30.12.23 tarixində 10 manat, 31.12.23 tarixində 40 manat, 03.01.24 tarixində 20 manat, 05.01.24 tarixində 10 manat, 07.01.24 tarixində 10 manat, 08.01.24 tarixində 20 manat, 12.01.24 tarixində 10 manat olmaqla cəmi 460 manat cərimə yazılmışdır. Həmin cərimələr ödənilmədiyi halda 08.02.24 tarixində avtomobil barəsində həbs qərarı çıxarılaraq və avtomobil duracağa aparılacaqdır. Cavabdehdən avtomobili Bakı şəhərinə gətirməsini tələb etməyinə baxmayaraq avtomobili gətiməmiş və cabavdeh avtomobili idarə etməsin deyə iki dəfə etibarnaməni ləğv etmiş, amma buna baxmayaraq o, yenədə avtomobili idarə etmiş və yenədə yol hərəkət qaydasını pozmuşdur. 16.01.24 tarixində cavabdeh şəxs avtomobili gətirmədiyi üçün özü Gəncə şəhərinə gedərək avtomobilini özü gətirmişdir. Cavabdeh avtomobili özü ona təhvil verməmişdir, özünün başqa yerdə olduğunu demişdir. Avtomobilə baxış keçirərkən təkərlərin üst qapaqlarının olmadığını (dəymiş ziyan 30 manat), arxa buferin əzildiyini (dəymiş ziyan 110 manat) və maqintafonunun sındırıldığını (dəymiş ziyan 50 manat )müəyyən etmiş , cavabdeh özüdə bunu etiraf etmişdir. Odur ki, ona və avtomobilinə dəymiş maddi zərərin (460+606+30+110+50) cəmin 1256 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, xx.xx.2024-cü il tarixdə saat 10:40 təyin olunmuş məhkəmə iclasını onun iştirakı olmadan keçirilərək işə baxılmasını və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 02 dekabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı özünə məxsus olan **-UR-*** dövlət qeydiyyat nişanlı Daewoo Gentra minik avtomobilinini icarəçi Cavabdeh 6 aylıq müqavilə ilə icarəyə vermişdir. İcarə haqqı gündəlik 20 (iyirmi) manat ödənişlə müəyyən edilmiş və ödənişlər hər günün sonunadək (saat 23:59-dək) ödənilməlidir. İcarəçi nəqliyyat vasitəsini götürərkən 300 manat depozit qoyur, həmin depozit icarəçi nəqliyyat vasitəsini icarəverənə qaytararkən nəqliyyat vasitəsinə vurulmuş zərəri və ya sürücünün cərimələrinin ödənilməsi üçün nəzərdə tutulub. Depozit məbləği icarəyə verilmiş nəqliyyat vasitəsi icarəçi tərəfindən 6 aydan əvvəl geri qaytarıldıqda icarəçiyə qaytarılmır. 02 dekabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən İddiaçı özünə məxsus olan **-UR-*** dövlət qeydiyyat nişanlı Daewoo Gentra minik avtomobilinini icarəçi Cavabdeh təhvil verərkən Mühərrik və sürətlər qutusu ideal vəziyyətdə, salon təmiz və səliqəli, bütün hissələr tam sağlam vəziyyətdə, heç bir cızıq olmayan, sol arxa tərəfdə əzik, sağ arxa buferdə əzik, digər hissələr sağlam vəziyyətdədir. EQ 18435814 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 50 manat cərimə olunmuşdur. EQ 18436824 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18463715 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 200 manat cərimə olunmuşdur. EQ 18562979 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18575327 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 50 manat cərimə olunmuşdur. EQ 18614944 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18676525 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18743037 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18759125 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 40 manat cərimə olunmuşdur. EQ 18807746 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 346.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 20 manat cərimə olunmuşdur. EQ 18831179 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18860536 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 10 manat cərimə olunmuşdur. EQ 18879040 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 346.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 20 manat cərimə olunmuşdur. EQ 18940545 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 10 manat cərimə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı mülkiyyətində olan Daewoo Gentra minik markalı **-UR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6 ay müddətinə gündəlik icarə haqqı 20 manat olmaqla icarəyə götürmüşdür. Tərəflər arasında imzalanmış təhvil-təslim aktından məlum olur ki cavabdeh avtomobili təhvil arakən nəqliyyat vasitəsi Mühərrik və sürətlər qutusu ideal vəziyyətdə, salon təmiz və səliqəli, bütün hissələr tam sağlam vəziyyətdə, heç bir cızıq olmayan, sol arxa tərəfdə əzik, sağ arxa buferdə əzik, digər hissələr sağlam vəziyyətdə olmuşdur. Həmçinin iddiaçı hazırki ərizəsində bildirmişdir ki, cavabdeh icarə haqqı olaraq ona ümumilikdə 606 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Maddə İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini ödəməyə borcludur. Maddə 1114.1 Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh tərəfindən avtomobilinə ziyan vurulduğunu - yəni avtomiobilin təkərlərinin üst qapaqlarının olmaması, arxa buferin əzik olması (müvafiq təhvil təslim aktlından da görünür ki avtomobil cavabdehə təhvil verilərkən arxa bufer iki hissədən əzik olmuşdur) və maqnitafonun sındırılmasını iddia etsə də bu ziyanın məhz cavabdeh tərəfindən törədilməsi ilə bağlı, habelə cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilinə müvafiq cərimələr (cəmi 14 protokol 460 manat məbləğində) tətibiq olunduğundan həmin məbləği cavabdehdən tələb etsə də sözügedən cərimələrin məhz iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməsini təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəflər arasında bağlanan icarə müqaviləsinin dəyərinin gündəlik 23 (iyirmi üç) manat olduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsindən görünür ki, gündəlik icarə haqqı 20 (iyirmi) manat məbləğində razılaşdırılmış və cavabdeh 44 gün üçün ödəməli olduğu 880 manat (44*20=880) məbləğindən icarə haqqı olaraq iddiaçıya ümumilikdə 606 manat pul ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ödəməli olduğu icarə haqqından qalan 274 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Avtomobilə dəymiş maddi zərərə görə 274 (iki yüz yetmiş dörd) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar