Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1043/2024 18.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh– Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3301,0 (üç min üç yüz bir) manat məbləğində sığorta ödənişinin əvəzinin, 53,41 manat (əlli üç manat-41 qəpik) dövlət rüsumunun, ümumilikdə 3354,41 manat (üç min üç yüz əlli dörd manat 41 qəpik) pulun alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı,** ER *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Vaz 21074” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı və “Gaz 3110” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Bəxşeyiş oğlu İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı və “Gaz 3110” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillərə 3301 (üç min üç yüz bir) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS240715 və İAS240716 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3301 (üç min üç yüz bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh Bəxşeyiş oğlu yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı dövlət rüsumunun ödənilməsi haqqında məlumat verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə 01 oktyabr 2024-cü il tarixdə iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(040)-1043/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq iclası 02 dekabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 18 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 16 dekabr 2024-cü il tarixli ərizədə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 26 mart 2024-cü il tarixdə Gəncə şəhərində idarə etdiyi “Mercedes Benz” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş, həmin vaxt, “Vaz 21074” markalı və “Qaz 3110” markalı avtomobillərə zərər dəymişdir. Hadisə nəticəsində həmin avtomobillərə maksimum 1500 (min beş yüz) manat ziyan dəymişdir. Hadisə vaxtı o, özünü pis hiss etdiyindən tanışı avtomobili ilə onu evinə aparmışdır. Hadisə zamanı “Qaz 3110” markalı avtomobilə dəyən ziyanı artıq ödəmişlər, həmin avtomobilin bazar dəyəri 1700 (min yeddi yüz) manat olduğu halda dəyən ziyana 2200 (iki min iki yüz) manat pul ödəmişlər, “Vaz 2107” markalı avtomobilə dəyən ziyan 500 manat olduğu halda, 1150 manat pul ödəmişlər. Sığorta şirkətinin qiymətləndirmə rəyindən onun xəbəri olmamış, ona bu barədə məlumat verilməmişdir. O, avtomobillərə dəyən ziyanın hesablanması ilə bağlı heç bir qiymətləndirmədə iştirak etməmişdir. O, hər iki avtomobilə dəymiş ziyanla bağlı iddiaçıya 1500 (min beş yüz) manat ödəməyə razıdır. Qalan hissədə- 1500 (min beş yüz) manatdan artıq olan hissədə isə iddia tələbi əsassız olduğundan, yəni ziyan məbləği süni surətdə şişirdildiyindən, iddianı qəbul etmir (müvafiq yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 26 mart 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 mart 2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarla Cavabdeh 26 mart 2024-cü il tarixdə **-ER-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməklə barəsində 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan: 23 aprel 2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilin Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1301,0 manat olmuş, avtomobilə dəymiş ziyanla bağlı X5 1301 (min üç yüz bir) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: 23 aprel 2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilin Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Gaz 3110” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2000,0 manat olmuş, avtomobilə dəymiş ziyanla bağlı X2 2000 (iki min) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı Cavabdeh **-ER-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsi 11 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən bir illik “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 saylı qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” blankının Gəncə Şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən 26 mart 2024-cü il tarixdə doldurulduğu göstərilən nüsxəsində göstərilmişdir ki, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və sürücüsü Cavabdeh tərəfindən 26 mart 2024-cü il tarixdə Gəncə şəhərində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Qaz 3110” minik markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir (iş materialarında təsdiqlənməmiş fotosurətidir, məhkəmə onu mötəbər sübut kimi qəbul etmir-hakimin qeydi). İş materiallarında olan: "xxxx" ASC tərəfindən 24 aprel 2024-cü il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 1301 (min üç yüz bir) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən 24 aprel 2024-cü il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 2000 (iki min) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən tərtib olunduğu qeyd edilən 27 mart 2024-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktın surətindən görünür ki, “Qaz 3110” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 2000 (iki min) manat qiymətləndirilmişdir (həmin aktda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat göstərilmədiyinə görə məhkəmə onu sübut kimi qəbul etmir- hakimin qeydi). İş materiallarında olan: Müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş 13 aprel 2024-cü il tarixli “Ekspert rəyi”ndən görünür ki, 2009-cu il buraxılış ili olan “Vaz 21074” minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin həcmi 1301 (min üç yüz bir) manat qiymətləndirilmişdir. İş materiallarında olan: Gəncə şəhər DYPŞ-nin 26 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 26 mart 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, **-ER-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz minik” markalı avtomobili idarə edərkən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8 maddələrinin müddəalarından görünür ki, o cümlədən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (həmin maddədə qeyd edilir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır-hakimin qeydi) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 26 mart 2024-cü il tarixdə idarə etdiyi “**-ER-***” dövlət qeydiyyat nişanlı “Mercedes Benz minik” markalı avtonəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Vaz 21074” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı və “Gaz 3110” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan vurmuşdur. Həmçinin, Cavabdeh, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə 3301 (üç min üç yüz bir) manat məbləğində maddi ziyanın vurulduğu sığortaçı tərəfindən hesablanmış, icbari sığorta müqaviləsinə əsasən zərərçəkmiş şəxslərə 3301 (üç min üç yüz bir) manat məbləğində sığorta ödənişi ödənilmiş, bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirir, iddia tələbini yalnız 1500 (min beş yüz) manat hissədə qəbul edir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdikləri halı-dəymiş zərərin həcmini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən- 1500 (min beş yüz) manat hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduqda, yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği yalnız Cavabdeh qəbul etdiyi məbləğlə-1500 (min beş yüz) manatla məhdudlaşmalıdır və Cavabdeh 1500 (min beş yüz) manat pul subroqasiya qaydasında alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş 53,41 manat dövlət rüsumunun 35 (otuz beş) manat hissəsinin pul əvəzi də Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. İddia qalan hissədə-Cavabdeh qarşı subrobasiya qaydasında 1801 (min səkkiz yüz bir) manat pulun və 18,41 manat (on səkkiz manat 41 qəpik) dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Məhkəmə subroqasiya qaydasında tələbi iddiaçının qəbul etmədiyi 1801 (min səkkiz yüz bir) manat hissəsində ona görə təmin etməmişdir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdikləri halı-dəymiş zərərin həcmini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 1500 AZN (bir min beş yüz manat), həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 35 AZN (otuz beş manat) hissəsinin pul əvəzi, cəmi 1535 AZN (bir min beş yüz otuz beş manat) məbləğdə pul vəsaiti tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1043/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1043/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver