Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1117/2023 14.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 310,16 manat əsas, 49,54 manat faiz olmaqla, cəmi 359,70 manat kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir. X2 24 fevral 2022-ci ildə vəfat etmişdir. Göyçay rayon Notariat ofisinin məlumatına əsasən X1 vərəsəsinin Cavabdeh olması müəyyən olunmuşdur. Borcun ödənilməsi ilə bağlı mərhumun vərəsəsinə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh Banka olan borcunu ödəməmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(040)-1117/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək cəmi 359,70 manat kredit borcunu və 30,40 manat dövlət rüsumunu İddiaçı ASC-yə ödəməyə razı olduğunu bildirmiş və növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə X2 (borcalan) arasında bağlanmış 11 iyun 2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: Maliyyə arayışından görünür ki, X2 01 sentyabr 2023-cü il tarixə 11 iyun 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə 2602,49 manat ödəniş etmiş, onun borcu - 310,16 manat əsas, 49,54 manat faiz olmaqla, cəmi ümumi borcu 359,70 manat təşkil edir. İş materiallarında olan: 11 iyun 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X2 İddiaçı ASC-dən 2100 manat məbləğində pulu götürmüşdür. İş materiallarında olan: AZ İİ 265683 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 24 fevral 2022-ci ildə ölmüşdür. İş materiallarında olan: Göyçay rayon Notariat ofisinin 15 fevral 2023-cü il tarixli 122 saylı məktubundan görünür ki, mərhum X1 adına 17 mart 2022-ci il tarixdə arvadı Cavabdeh ərizəsinə əsasən Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 13 mart 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh qanun üzrə vərəsə kimi X1 mirasını qəbul etdiyindən mərhumun kredit müqaviləsi üzrə borcları da vərəsənin aldığı miras payına mütənasib surətdə ona keçməlidir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11 iyun 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 310,16 manat (üç yüz on manat 16 qəpik) əsas, 49,54 manat (qırx doqquz manat 54 qəpik) faiz olmaqla, cəmi 359,70 manat (üç yüz əlli doqquz manat 70 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30,40 manat (otuz manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 310,16 manat (üç yüz on manat 16 qəpik) əsas, 49,54 manat (qırx doqquz manat 54 qəpik) faiz olmaqla, cəmi 359,70 manat (üç yüz əlli doqquz manat 70 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30,40 manat (otuz manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1117/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1117/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver