Məhkəmə qərarları › İş №e-2(040)-1146/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1146/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1146/2025 02.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X1” ASC-nin xeyrinə 672,35 AZN (altı yüz yetmiş iki manat-35 qəpik) əsas borc, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz borcu və 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə olmaqla, cəmi 799,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat) məbləğində vəsaitin və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə 25 avqust 2025-ci il müddətinə 2450 AZN (iki min dörd yüz əlli manat) kredit təyin edilir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08 avqust 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 672,35 AZN (altı yüz yetmiş iki manat-35 qəpik) əsas, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz, 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 99,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 27 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sitemi vasitəsilə məhkəməyə yazılı etiraz göndərərək iddianın təmin edilməməsini, 26 avqust 2021-ci il tarixli 386nkAHM/21 nömrəli kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaya qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş həqiqəti əks etdirməyən, əsası olmayan, kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair qeyri-qanuni iddia ərizəsinə etiraz edir. Bildirir ki, ailəlidir, iki övlad atasıdır, üçüncü qrup gözdən əlildir, rəsmi iş yeri yoxdur və olmayıb. O, xx xxxx 1992-ci il tarixində doğulmuşdur. 31 mart 1993-cü il tarixinədək valideynləri ilə birgə Kəlbəcər rayonunun Çorman kəndində yaşamışdır. 1993-cü ildən Bakı şəhərində yaşayır. Kəlbəcər rayonu işğaldan azad edilsə də, rayon mərkəzi istisna olmaqla, bu günə qədər Kəlbəcər rayonunun kəndlərində məskunlaşma aparılmayıb və 33 ildir yaşayış yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərə inanılsa, "xxxx" KB ASC tərəfindən tərtib edilmiş kredit müqaviləsi üzrə mübahisələrə dair 15 may 2025-ci il tarixli bildiriş ünvan 1 ünvanında sürətli poçt xidməti üzrə fəaliyyət göstərən “Garant Post” vasitəsi ilə 16 may 2025-ci il tarixli 272556 nömrəli yol qaiməsinə əsasən Cavabdeh qeydiyyatda olduğu Kəlbəcər rayonu, Əsrik ərazi dairəsi üzrə Çorman kəndinə göndərilib. Çorman kəndində isə 33 ildir yaşayış yoxdur. Bu sənədləşdirmə nə dərəcə doğrudur?! 1) 05 dekabr 2019-cu il tarixində iddiaçı "xxxx" KB ASC tərəfindən ona 500 (beş yüz) manat dəyərində kredit kartı verilmişdir (Hesab nömrəsi: AZ77UBAZ**********1070AZN001- 3996624, məlumat təchizatçısı: "xxxx" ASC); 2) 26 avqust 2021-ci il tarixində iddiaçı "xxxx" KB ASC ilə onun arasında bağlanmış 386nkAHM/21 nömrəli kredit müqaviləsinə əsasən, ona dörd il müddətinə (25 avqust 2025-ci il tarixinədək) illik 29 faizlə 2450 (iki min dörd yüz əlli) manat dəyərində zaminsiz, təminatsız istehlak krediti verilmişdir; 3) 09 fevral 2022-ci il tarixində iddiaçı "xxxx" KB ASC tərəfindən ona 600 (altı yüz) manat dəyərində kredit kartı verilmişdir (Hesab nömrəsi: AZ73UBAZ**********1070AZN001- 5406558, məlumat təchizatçısı: “Unibank“ ASC). 26 avqust 2021-ci il tarixində "xxxx" KB ASC tərəfindən ona böyük səxavətlə kredit verilərkən onun kredit tarixçəsi ilə yaxından tanış olublar və yaxşı bilirdilər ki, digər banklar qarşısında da öhdəliyi var, işsizdir, rəsmi iş yeri yoxdur. 386nkAHM/21 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini 07 mart 2025-ci il tarixinə qədər icra etmişdir. Qeyd edilən kredit müqaviləsi və kredit kartları üzrə hesabları bank tərəfindən qeyri-aktiv edildiyindən heç bir əməliyyat apara bilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Kredit müqaviləsi üzrə mübahisələr zamanı borcalan kredit borcunu geri ödəmədiyi halda bank həmin şəxsi məhkəməyə verməyibsə, 3 il bitdikdən sonra borcalanın məhkəməyə verilməsi mümkün deyildir. 26 avqust 2021-ci il tarixli 386nkAHM/21 nömrəli kredit müqaviləsi üzrə ödənişlərlə bağlı şəxsi müraciəti əsasında "xxxx" KB ASC-dən məhkəməyə təqdim etmək üçün əldə etdiyi 25 avqust 2025-ci il tarixli bank çıxarışına (səhifə 10-cəmi dövriyyə: kredit- 5989,16 manat; debet-5989,16 manat; qalıq: 0 manat) və kredit müqaviləsinə əlavədəki (səhifə 2-kredit verilib-2450 manat+1720,13 manat faiz=4170,13 manat) rəqəmlərə əsasən, hesab edir ki, qeyd edilən kredit müqaviləsi üzrə öhdəlikləri çoxdan və artıqlaması ilə icra edilib. Hesab edir ki, bankdan götürdüyü borcu bağlamışdır, bank qarşısında heç bir öhdəliyi yoxdur. Kəlbəcər Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli e-2(040)-1146/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh 28 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya siteminə “Qarşılıqlı iddia ərizəsi” başlıqlı ərizə yükləmişdir. Həmin ərizə mahiyyətcə qarşılıqlı iddia deyil, etiraz olduğundan qarşılıqlı iddia olaraq icraata qəbul edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 02 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: 26 avqust 2021-ci il tarixli 3861nkAHM/21 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 28 avqust 2025-ci il tarixədək illik 29 faiz dərəcəsi ilə 2450 AZN (iki min dörd yüz əlli manat) məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 3861nkAHM/21 saylı kredit müqaviləsi üzrə 672,35 AZN əsas, 83,06 AZN faiz, 43,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 799,23 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 15 may 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X2 Portalının 08 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin yazılı etirazda qeyd etdikləri əsassızdır. Belə ki, qanunvericiliyə əsasən, tərəflər arasındakı hazırki mübahisə üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmir. Həmçinin, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini (üç il) ötürməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, cavabdehdən 672,35 AZN (altı yüz yetmiş iki manat-35 qəpik) əsas borc, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz borcu və 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə omaqla, cəmi 799,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə 829,63 AZN (səkkiz yüz iyirmi doqquz manat- 63 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 672,35 AZN (altı yüz yetmiş iki manat-35 qəpik) əsas borc, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz borcu və 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə omaqla, cəmi 799,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə 829,63 AZN (səkkiz yüz iyirmi doqquz manat-63 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar