Məhkəmə qərarları › İş №e-2(040)-1148/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1148/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1148/2025 19.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 1618,35 (bir min altı yüz on səkkiz manat 35 qəpik) manat əsas, 196,82 (bir yüz doxsan altı manat 82 qəpik) manat faiz, 108,53 (bir yüz səkkiz manat 53 qəpik) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1923,70 (bir min doqquz yüz iyirmi üç manat 70 qəpik) manat borcun və ödənilmiş 39,24 (otuz doqquz manat 24 qəpik) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 (üç yüz min) manat 120 (bir yüz iyirmi) ay müddətinə kredit ayrılmış və 11 yanvar 2024-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 21 (iyirmi bir) faiz ödəmək şərtilə 2676 (iki min altı yüz yetmiş altı) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci maddəsi). Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini Cavabdeh1 və Cavabdeh2 ilə aramızda bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 08 avqust 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1618,35 (bir min altı yüz on səkkiz manat 35 qəpik) manat əsas, 196,82 (bir yüz doxsan altı manat 82 qəpik) manat faiz, 108,53 (bir yüz səkkiz manat 53 qəpik) manat cərimə, 0 (sıfır) AZN komisyon haqqı borcu olmaqla, cəmi 1923,70 (bir min doqquz yüz iyirmi üç manat 70 qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan, "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli 39micGNDJ/24 nömrəli əlavə kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 2676 (iki min altı yüz yetmiş altı) manat məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli 39micGNDJ/24 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borclunun (cavabdehin) 11 yanvar 2024-cü il tarixli 39micGNDJ/24 saylı əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu (cavabdeh) ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan: “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, digər cavabdeh (zamin) Cavabdeh1 01 dekabr 2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan: 08 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 39micGNDJ/24 nömrəli kredit müqaviləsi üzrə 08 avqust 2025-ci il tarixinə borcu əsas məbləğ üzrə 1618,35 (bir min altı yüz on səkkiz manat 35 qəpik) manat, faiz borcu üzrə 196,82 (bir yüz doxsan altı manat 82 qəpik) manat, cərimə üzrə 108,53 (bir yüz səkkiz manat 53 qəpik) manat, 0 (sıfır) manat komisyon haqqı olmaqla, ümumilikdə 1923,70 (bir min doqquz yüz iyirmi üç manat 70 qəpik) manat təşkil edir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 07 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh3 kredit borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 08 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 39,24 (otuz doqquz manat 24 qəpik) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, Cavabdeh3 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Həmçinin, hesab edirəm ki, iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsi Cavabdeh1 öldüyündən həmin hissədə təmin edilməməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Kreditverən qarşısında Kreditalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə hesablanmış 108,53 (bir yüz səkkiz manat 53 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 80,90 (səksən manat 90 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə 27,63 (iyirmi yeddi manat 63 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39,24 (otuz doqquz manat 24 qəpik) manat dövlət rüsumunun 36,18 (otuz altı manat 18 qəpik) manat hissəsi və 40 (qırx) qəpik xidmət haqqının pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 1618,35 (bir min altı yüz on səkkiz manat 35 qəpik) manat əsas, 196,82 (bir yüz doxsan altı manat 82 qəpik) manat faiz, 80,90 (səksən manat 90 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1896,07 (bir min səkkiz yüz doxsan altı manat 07 qəpik) manat kredit borcu, ödənilmiş 36,18 (otuz altı manat 18 qəpik) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 1618,35 (bir min altı yüz on səkkiz manat 35 qəpik) manat əsas, 196,82 (bir yüz doxsan altı manat 82 qəpik) manat faiz, 80,90 (səksən manat 90 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1896,07 (bir min səkkiz yüz doxsan altı manat 07 qəpik) manat kredit borcu, ödənilmiş 36,18 (otuz altı manat 18 qəpik) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının pul əvəzi, ümumilikdə 1932,65 (bir min doqquz yüz otuz iki manat, 65 qəpik) manat tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar