Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1195/2025 04.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı“işəgötürənə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat- 34 qəpik) pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş 60 AZN (altmış manat) və dövlət rüsumu kimi ödənilmiş 43 AZN (qırx üç manat) xərcin Cavabdeh tutularaq İddiaçı MMCnin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli əmək müqaviləsi ilə cavabdeh administrator köməkçisi vəzifəsinə işə qəbul olunmuş, 14 mart 2024-cü il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmiş və cavabdehlə “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmış, 12 iyul 2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24 iyun 2024-cü il tarixdə İddiaçı MMC-nin “X11 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 8086,49 AZN (səkkiz min səksən altı manat-49 qəpik) Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat- 34 qəpik) borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat- 34 qəpik) borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə,Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı “X12” MMC-nin nümayəndəsi X4 21 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddia tələbinin 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat- 34 qəpik) borc, mediasiya xərci kimi ödənilmiş 60 AZN (altmış manat), dövlət rüsumu kimi ödənilmiş 43 AZN (qırx üç manat) və audit xərci üçün ödənilmiş 750 AZN (yeddi yüz əlli manat) təşkil etdiyini bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə hazırlıq iclası 01 oktyabr 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 04 noyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 01 noyabr 2023-cü il tarixdə İddiaçı MMC-də administrator köməkçisi vəzifəsinə işə qəbul edilmiş, 14 mart 2024-cü il tarixdə “X11 3” mağazasında administrator vəzifəsinə keçirilmiş, 12 iyun 2024cü il tarixdə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, 12 iyul 2025ci il tarixdə işdən azad edilmişdir. Ərizə yazdıqdan sonra işdən azad olduğu müddət ərzində həmin mağazada növbədənkənar yoxlama keçirilmiş və 8086,49 AZN (səkkiz min səksən altı manat-49 qəpik) kəsir aşkar edilmişdir. Müvafiq güzəştlər tətbiq edildikdən sonra 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat-34 qəpik) borc qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 AZN (altmış manat), dövlət rüsumu kimi ödənilmiş 43 AZN (qırx üç manat) və audit xərci üçün ödənilmiş 750 AZN (yeddi yüz əlli manat) xərcin də cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun bölgə müdiri ilə arasındakı münasibətlər normal olmadığına görə, bölgə müdiri səkkiz aydan sonra onun administrator olduğu mağazada yoxlama keçirilməsini istəmişdir. O, işlədiyi müddətdə dəfələrlə mağazada olan problemlərlə bağlı şifahi qaydada rəhbərliyə bildirsə də, heç bir tədbir görülməmişdir. Qeyd edilən borc məbləği ondan qabaq həmin mağazada administrator vəzifəsində çalışmış şəxslərin dövründən qalmışdır. Mağazada sayım keçirilərkən, o, qeyd edilən itki məbləği ilə razılaşmamış, yenidən sayım keçirilməsini tələb etmiş, buna görə də yoxlamanın nəticəsini əks etdirən yekun aktı imzalamamışdır. Onun administrator işlədiyi müddətdə mağazada oğurluqlar olmuşdur. Buna görə də 3000 (üç min) manat borcu olduğunu qəbul edir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 06 may 2025-ci il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə” arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 24 iyun 2024-cü il tarixində 8086,49 AZN (səkkiz min səksən altı manat-49 qəpik), çatışmazlıq müəyyən edilmişdir, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat- 34 qəpik) borcu qalmışdır; beləliklə, Cavabdeh 06 may 2025-ci il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat- 34 qəpik) təşkil edir. İş materiallarında olan: 24 iyun 2024-cü il (sistemə inteqrasiya tarixi: 08 iyul 2024-cü il) tarixli “Oba-Həzi Aslanov 3” filialında aparılmış “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair akt”dan görünür ki, “Oba-Həzi Aslanov 3” filialında cəmi 8086,49 AZN (səkkiz min səksən altı manat-49 qəpik) məbləğində itki aşkar edilmişdir. İş materiallarında olan: 24 iyun 2024-cü il (sistemə inteqrasiya tarixi: 08 iyul 2024-cü il) tarixli “Oba-Həzi Aslanov 3” filialında aparılmış “növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, “Oba-Həzi Aslanov 3” filialında cəmi 8086,49 AZN (səkkiz min səksən altı manat-49 qəpik) məbləğində itki aşkar edilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən tərtib edilmiş 30 iyul 2025-ci il tarixli “İmtina aktı”ndan görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, inventarizasiya prosesini yarımçıq tərk etmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan, əksiklərin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə verilmiş auditor rəyindən görünür ki, audit yoxlaması nəticəsində elə müəyyən olunur ki, İddiaçı MMC-nin “Oba-Həzi Aslanov” 3 nömrəli mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyyatdan 8086,49 AZN (səkkiz min səksən altı manat-49 qəpik) dəyərində məhsul əksik gəlmişdir. Cavabdeh audit yoxlama prosesində dindirilmək üçün tərəflərindən dəvət olunmuşdur, lakin heç bir səbəb bildirmədən görüşdə iştirak etməmişdir. Rəybərliyin bu ciddi məsələ üçün hüquq-mühafizə orqanlarına müraciət etməsi məqsədə uyğun hesab edilmiş, rəhbərliyə yaranmış kəsir gəlmənin aradan qaldırılması istiqamətində əməli işlər görülməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: İddiaçı üzrə 01 noyabr 2023-cü il tarixli 180/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 01 noyabr 2023-cü il tarixdən etibarən administrator köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan: İddiaçı üzrə 14 mart 2024-cü il tarixli 47 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 14 mart 2024-cü il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: Cavabdeh tərəfindən İddiaçı MMC-nin İdarə heyətinin sədri X1 ünvanlanmış 12 iyun 2024-cü il tarixli ərizədən görünür ki, 12 iyul 2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: İddiaçı üzrə 12 iyul 2024-cü il tarixli 64-x saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun (Cavabdeh) əmək müqaviləsinə 12 iyul 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan: 01 noyabr 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 01 noyabr 2023-cü il tarixdə İddiaçı MMC-nin Satış Departamenti- Satış Şöbəsinə administrator köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan: 01 noyabr 2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 14 mart 2024-cü il tarixdən etibarən Cəmiyyətin Satış Şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 01 noyabr 2023-cü il və 14 mart 2024-cü tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilələrdən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: İddiaçı MMC tərəfindən tərtib edilmiş “Administrator vəzifə təlimatı”ndan görünür ki, administrator sayım zamanı əksik gələn satış məhsullarına görə məsuliyyət daşıyır. İş materiallarında olan: "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 may 2025-ci il tarixli 314 nömrəli hesabdan görünür ki, İddiaçı MMC tərəfindən xüsusi tapşırıqlar üzrə audit rəyinin verilməsi üçün (Oba-Həzi Aslanov 3, Xırdalan 23, Salyan 14) ümumlikdə 2250 AZN (iki min iki yüz əlli manat) ödəniş edilməlidir. İş materiallarında olan: Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00413) X3 tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli MŞB/20/2025-00619 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat xərc İddiaçı MMC tərəfindən tam ödənilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 08 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə məlumat verilmiş, 3 (üç) gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X6 Portalının 15 avqust 2025ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 43 AZN (qırx üç manat) dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, Cavabdeh 01 noyabr 2023-cü il tarixdə İddiaçı MMC şirkətinə işə qəbul olunmuş və 12 iyul 2024-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 3000 AZN (üç min manat-65 qəpik) əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 43 AZN (qırx üç manat) dövlət rüsumunun pul əvəzi, cəmi 3103 AZN (üç min bir yüz üç manat) pul vəsaitinin tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməli, cavabdehdən 3103 AZN (üç min bir yüz üç manat) pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 7223,34 AZN (yeddi min iki yüz iyirmi üç manat-34 qəpik) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərini təsdiq edən mötəbər sübut, o cümlədən maddi qiymətlilərin cavabdehin öhdəsinə keçməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bununla belə, cavabdeh iddiaçıya 3000 AZN (üç min beş yüz iyirmi doqquz manat-65 qəpik) borclu olduğunu etiraf etmişdir. İddia qalan hissədə- o cümlədən 4223,34 AZN (dörd min iki yüz iyirmi üç manat-34 qəpik) əsas borc və 750 AZN (yeddi yüz əlli manat) audit xərcinin tələbinə dair hissədə əsassız olduğundan, yəni lazımi qaydada əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən, həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43 AZN (qırx üç manat) dövlət rüsumunun pul əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 AZN (üç min manat) əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 43 AZN (qırx üç manat) dövlət rüsumunun pul əvəzi, cəmi 3103 AZN (üç min bir yüz üç manat) pul vəsaiti ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1195/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1195/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver