Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1266/2025 21.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X1” ASC-nin xeyrinə 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas borc, 47,32 AZN (qırx yeddi manat-32 qəpik) faiz borcu və 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat) məbləğində vəsaitin və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə 60 ay müddətinə 500 AZN (beş yüz manat) kredit təyin edilir (limiti artırılıb). Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 avqust 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas, 47,32 AZN (qırx yeddi manat-32 qəpik) faiz, 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 28 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya siteminə “Qarşılıqlı iddia ərizəsi” başlıqlı ərizə yükləmişdir. Həmin ərizə mahiyyətcə qarşılıqlı iddia deyil, iddiaya qarşı etiraz olduğundan, qarşılıqlı iddia olaraq icraata qəbul edilməmişdir. Cavabdeh 28 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sitemi vasitəsilə məhkəməyə göndərdiyi “qarşılıqlı iddia ərizəsi” başlıqlı ərizədə iddianın təmin edilməməsini xahiş etmişdir. “Qarşılıqlı iddia ərizəsi” başlıqlı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş həqiqəti əks etdirməyən, əsası olmayan, kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair qeyri-qanuni iddia ərizəsinə etiraz edir. "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş kredit müqaviləsi üzrə mübahisələrə dair 19 iyun 2025-ci il tarixli bildiriş guya ünvan 1 ünvanında yerləşən sürətli poçt xidməti üzrə fəaliyyət göstərən “Garant Post” vasitəsi ilə 274905 nömrəli yol qaiməsi əsasında, 20 iyun 2025-ci il tarixində Cavabdeh qeydiyyatda olduğu Kəlbəcər rayonunun Çorman kəndinə göndərilib və 24 iyun 2025-ci il tarixində ona çatdırılıb. Çorman kəndində isə 33 ildir yaşayış yoxdur. O, xx xxxx 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 31 mart 1993-cü il tarixinədək-8 ay valideynləri ilə birgə Kəlbəcər rayonunun Çorman kəndində yaşamışdır. 1993-cü ildən Bakı şəhərində yaşayır. Kəlbəcər rayonu işğaldan azad edilsə də, rayon mərkəzi istisna olmaqla, bu günə qədər kəndlərində məskunlaşma aparılmayıb. 1993-cü ildən bugünə qədər Kəlbəcər rayonunda olmamışdır. Ailəlidir, iki övladı var, Birinci Qarabağ müharibəsi zamanı ağır travma almışdır, üçüncü qrup gözdən əlildir, rəsmi iş yeri yoxdur və olmayıb. İddiaçı "xxxx" KB ASC-də özünün və yaxın qohumlarının əlaqə nömrəsinin olmasına baxmayaraq, iddiaçı tərəfindən mübahisənin həlli üçün məhkəməyəqədər nizamlama (pretenziya) qaydasında Mediasiya Təşkilatına müraciət edilməmiş, sürətli poçt xidməti üzrə fəaliyyət göstərən “Garant Post” vasitəsi ilə yalnız qeydiyyatda olduğu, 33 ildir yaşamadığı Kəlbəcər rayonunun Çorman kəndinə guya bildiriş göndərib. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli 22772sBKX/19 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 5 il müddətinə (05 dekabr 2024-cü il tarixinədək) illik 29 faizlə 500 manat dəyərində kredit kartı verilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 05 dekabr 2019-cu il tarixli 22772sBKX/19 nömrəli kredit müqaviləsinin “yenidən tərtib olunmuş və skan edilmiş” surətinin 1-ci, 2-ci və 6-cı səhifələrindəki imzalara baxmaq kifayət edər ki, onun məqsədli şəkildə saxtalaşdırıldığı, kredit müddətinin 84 aya qədər artırılması aydın olsun; 2-ci səhifədəki imza onun iradəsinin ifadəsi deyildir. Bank işçisinin də imzaları arasında fərq var. O, 22772sBKX/19 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini 05 may 2025-ci il tarixinə qədər icra etmişdir. Qeyd edilən kredit müqaviləsi və kredit kartları üzrə hesabları bank tərəfindən qeyri-aktiv edildiyindən heç bir əməliyyat apara bilmir. Kəlbəcər Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli e-2(040)-1266/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 21 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir; Cavabdeh məhkəməyə ərizə göndərərək qarşılıqlı iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: 05 dekabr 2019-cu il tarixli 2277sBKX/19 saylı kredit müqaviləsindən görünür ki, bank (iddiaçı) borcalana (cavabdehə) illik 29 faiz olmaq şərtilə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 05 dekabr 2026-cı il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 500 AZN (beş yüz manat) təyin edilir. Borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. ödəniş kartının istifadə müddəti 60 aydır. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2277sBKX/19 saylı kredit müqaviləsi üzrə 451,01 AZN əsas, 47,32 AZN faiz, 32,41 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 530,74 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 19 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X2 Portalının 20 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin yazılı etirazda qeyd etdikləri əsassızdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, tərəflər arasındakı hazırki mübahisə üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmir. Həmçinin, iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini (üç il) ötürməmişdir- belə ki, 05 dekabr 2019-cu il tarixdə 60 (altmış) ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin müdətinin başa çatdığı tarixdən- 05 dekabr 2024-cü il tarixdən başlanır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, cavabdehdən 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə, 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas borc, 47,32 AZN (qırx yeddi manat-32 qəpik) faiz borcu və 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə borcu olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 561,14 AZN (beş yüz altmış bir manat-14 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas borc, 47,32 AZN (qırx yeddi manat-32 qəpik) faiz borcu və 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə borcu olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 561,14 AZN (beş yüz altmış bir manat-14 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1266/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1266/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver